“Bu gün qətiyyətlə deyə bilərik ki, özünün sürətli inkişafı ilə diqqətləri cəlb edən, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvan Muxtar Respublikası həm də beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi şöhrət qazanıb. Qədim diyar dünyanın şahmat arenasında da özünün layiqli yerini tutub, beynəlxalq şahmat festivallarının keçirildiyi məkan kimi tanınıb”.
Bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov “Şərq qapısı” qəzetinə müsahibəsində dedi.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti bildirib ki, artıq beşinci dəfədir, Naxçıvanda hər ilin may ayında ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq şahmat festivalı keçirilir. Hər il dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış şahmatçı yarışlarda iştirak etmək üçün Naxçıvana gəlir, azərbaycanlı qonaqpərvərliyinin gözəl Naxçıvan nümunəsini görürlər və bundan şad olurlar. Ona görə də qədim diyara gələn idmançı ikinci dəfə də bura gəlmək arzusunda olur.
“Naxçıvanda bütün idman yarışları, o cümlədən beynəlxalq şahmat festivalları çox yüksək səviyyədə keçirilir. Biz hər dəfə bunun şahidi oluruq. “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı da çox yüksək səviyyədə təşkil olunub”, – deyən Faiq Həsənov qeyd etdi ki, festivalda dünyanın tanınmış zəka ustaları iştirak edirlər. Onlar arasında dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları vardır.
Onun sözlərinə görə, dünya şahmatsevərləri Naxçıvanda keçirilən festivalı bu dəfə daha böyük maraqla izləyirlər. Bunun səbəbi odur ki, bu dəfə yarışda qadınlar arasında dünya çempionu olan Çin təmsilçisi Hou Yifa da iştirak edir. O, çox güclü şahmatçı kimi bu gün dünyada böyük şöhrət qazanıb. Hou Yifanın festivalda iştirakı dünya şahmatsevərlərinin diqqətini bir daha Naxçıvana yönəldib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti dedi ki, bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir. Naxçıvanda şahmatın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublikanın şahmatçıları arasında 1 beynəlxalq qrossmeyster, 1 beynəlxalq hakim və 1 FİDE ustası var. Ona görə də muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlər nümunə göstərilməyə layiqdir.
Rauf Əliyev