Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə dünən yekun vurulub.
Mayın 1-dən başlanan, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyası tərəfindən birgə təşkil edilən və Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə muxtar respublikanın şəhər və rayonlarından, ümumilikdə, 150-dən çox dəri əlcək sahibi mübarizə aparıb.
Turnirin bağlanış mərasimində əvvəlcə səhnə Naxçıvan Dövlət Filarmoniyasının əməkdaşlarına verilib. Səsləndirilən musiqi nömrələri alqışlarla qarşılanıb.
Bədii hissədən sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. O qeyd edib ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun idmana göstərdiyi diqqət və qayğı öz bəhrələrini verməkdədir. Bunun nəticəsidir ki, muxtar respublika bir çox beynəlxalq turnirlərə uğurla ev sahibliyi edir. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş boks üzrə turnirdə idmançıların nümayiş etdirdiyi yüksək peşəkarlıq bizdə xoş təəssüratlar yaratdı. Keçirilən bu turnir bir daha onu göstərir ki, Azərbaycanın bütün regionlarında olduğu kimi, muxtar respublikada da idman yüksək səviyyədə inkişaf edir.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyası nazirliklə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş turnirlər keçirəcəkdir və ilk belə turnir boks üzrə muxtar respublika turniridir. Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər onun göstəricisidir ki, bu gün təkcə paytaxt Bakıda yox, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə diqqət yüksək səviyyədədir. Bu il ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarının məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə ötən günlərdə Naxçıvanda Alov festivalı təşkil edildi və bu hadisə Naxçıvan idmançıları üçün əlavə stimul oldu. Muxtar respublikada idmana, idmançılara göstərilən qayğının nəticəsidir ki, bu gün beynəlxalq arenalarda idmançılarımız ölkəmizi layiqincə təmsil edir, Azərbaycan bayrağını qürurla dalğalandırırlar. İnanırıq ki, bu gün keçirilən boks turnirində uğur qazanan boksçularımız gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklər.
İki gün davam edən və 13 çəki dərəcəsində keçirilən turnirdə İlkin Qurbanov (34 kq), Ülvi Süleymanov (38 kq), Muxtər Fərzəliyev (42 kq), Ayxan Cavadlı (46 kq), Əhməd Cəfərov (48 kq), Kərim Babayev (52 kq), Nihad Quliyev (56 kq), Arif Babayev (60 kq), Məhəmmədəli Bağırov (64 kq), Elnur Mustafayev (69 kq), Qənbər Abdullayev (75 kq), Elmar Cəbrayılov (81 kq) və Ayxan İsayev (91 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun Məmmədov