22 Dekabr 2024, Bazar

Mayın 1-dən 11-dək Naxçıvanda ümummilli lider­ Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ənənəvi “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Şahmat festivalı çərçivəsində zəka sahibləri 3 turnirin iştirakçısı olacaqlar. Belə ki, reqlamentə əsasən, beynəlxalq festivalda güclülərin (“A” turniri), əmsalı 2250-dən az olanların (“B” turniri) və uşaqların (“C” turniri) yarışı keçiriləcək. Artıq “Naxçıvan Open-2015” festivalının “A” turnirində iştirak etmək üçün 61 şahmatçı, o cümlədən 32 qrossmeyster müraciət edib. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, partiya başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq.

Keçiriləcək şahmat festivalında iştirak edəcək şahmatçıların reytinq siyahısına Etyen Bakro (2712 - Fransa) başçılıq edir. İştirakçılar arasında Sergey Jiqalko (Belarus), Yuri Kuzub­ov, Vladimir Baklan (Ukrayna), Pavel Smirnov, Yevgeni Romanov (Rusiya), Azərbaycan şahmatçılarından Rauf Məm­mədov, Eltac Səfərli, Qədir Hüseynov kimi güclü zəka sahibləri var. Ən maraqlı məqam isə “Naxçıvan Open-2015” Beynəlxalq Şahmat Festivalında keçmiş dünya çempionu, Özbəkistanın məşhur şahmatçısı Rustam Kasımcanovun da (beynəlxalq əmsalı - 2712) iştirak etməsidir. “A” turnirində mübarizə aparacaq Rustam Kasımcanovla yanaşı, qadınlar arasında dünya çempionu, Çin təmsilçisi Hou Yifan da daxil olmaqla, 15-dək ölkədən bir sıra tanınmış şahmatçılar iştirak edəcəklər.
Qeyd edək ki, turnirin mükafat fondu 40 min ABŞ dolları həcmindədir. Ötən il “A” qrupunun qalibi Rusiya qrossmeysteri Boris Savçenko olub. O, 9 mümkün xaldan 6,5 xal toplayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş idman yarışları bununla bitməyəcək. Belə ki, may ayının 1-dən başlayaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları Gənclər və İdman Nazirliyi ilə birgə 15-ə yaxın birinciliklər təşkil edəcəklər. İlk belə turnir Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə muxtar respublika turniri olacaq. 2 gün (1-2 may) davam edəcək turnirdə 150-dən çox dəri əlcək sahibinin iştirak edəcəyi gözlənilir. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində həmçinin azarkeşlər güləş, stolüstü tennis, karate-do, voleybol, basketbol və kikboksinq idman növləri üzrə də keçiriləcək Naxçıvan Muxtar Respublika çempionatlarına şahidlik edəcəklər.
May ayının 8-də isə Şərur Rayon Olimpiya-İdman Kompleksi Azərbaycanın ən güclü kikboksinqçilərini qəbul edəcək. Həmin gün bu kompleksdə kikboksinq üzrə Azərbaycan çempionatına start veriləcək. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika, Atıcılıq və Hava və Ekstremal İdman Növləri federasiyaları birgə kross qaçışı, peyntbol və velosiped yürüşü üzrə muxtar respublika birincilikləri keçirəcəklər.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR