Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, rayon Gənclər və İdman İdarəsi və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş mini-futbol üzrə rayon birinciliyi keçirilib.
Birinciliyi Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətindən, idmana göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, bu gün idmanın inkişafına göstərilən diqqət və qayğı Naxçıvan Muxtar Respublikasında da ən yüksək səviyyədədir.
Dairəvi sistemlə keçirilən birincilikdə bütün rəqiblərini üstələyən Uşaq-gənclər idman məktəbinin komandası qalib adını qazanıb. Onlar finalda Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandasını məğlub ediblər. Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası isə üçüncülüklə kifayətlənib.
Sonda qaliblərə təşkilatçılar tərəfindən kubok, futbol topları, idman geyimləri və diplomlar təqdim edilib.
Ceyhun Məmmədov