Bakı şəhərində keçirilən kikboksinq üzrə yeniyetmə və kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. Bu çempionatda Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri də iştirak ediblər. Paytaxta 4 idmançı ilə yollanan kikboksinqçilərimizdən üçü mükafatçılar sırasına düşüb. Ən uğurlu nəticəni 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Rəcəbli əldə edib. Belə ki, o, final görüşünə kimi məğlubiyyətsiz irəliləyib və yalnız həlledici qarşılaşmada rinqi məğlub tərk edib. Digər idmançılarımızdan 48 kiloqram çəki dərəcəsində Fərman Rzayev və 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Musayev isə üçüncülüklə kifayətləniblər.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
Qeyd edək ki, idmançılarımız bu uğurlu çıxışlardan sonra Azərbaycan millisinin heyətinə cəlb ediliblər və hazırda yığma ilə birgə Bakıda təlim-məşq toplanışındadırlar.
Ceyhun Məmmədov