Naxçıvan Dövlət Universitetində müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Universiada-2015” proqramına daxil olan idman yarışlarına aprel ayının 10-da start verilib.
Universitetin 10 fakültəsinin qatıldığı “Universiada-2015” çərçivəsində idman yarışları davam edir. Bu günə qədər idmanın müxtəlif növləri üzrə keçirilən “Universiada-2015” yarışlarında oğlanlardan ibarət voleybol komandalarının yarışında Pedaqoji fakültənin, qızlar arasında keçirilən voleybol yarışlarında isə Tibb fakültəsinin komandaları qələbə qazanıblar. Universiadaya daxil edilən yarışlardan digəri stolüstü tennis oyunu olub. Pedaqoji fakültənin komandası I yerə çıxıb, Fizika-riyaziyyat və İqtisad fakültələri isə II və III yerləri bölüşüblər. Stolüstü tennis oyunu üzrə şəxsi birincilikdə “bədən tərbiyəsi və idman” ixtisasının IV kurs tələbəsi Həsən Qaraslan, həmin ixtisasın III kurs tələbəsi Səriyyə Quliyeva I yerin qalibləri olublar.
Qeyd edək ki, universiadaya may ayının 10-da yekun vurulacaq, həmin gün qaliblər kubok və diplomlarla təltif olunacaqlar.
Mina QASIMOVA