Naxçıvan Atıcılıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan Muxtar Respublikası çempionatına yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi yarışda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Babayev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Məftun Xəlilov çıxış edərək muxtar respublikada idmana göstərilən qayğıdan bəhs edib, yarışın qaydaları haqda məlumat veriblər.
Qeyd edək ki, çempionatda şəhər və rayonlarda keçirilən yarışların qalib komandaları mübarizə aparıblar. 8 komanda 6 növdə – 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbaraatma, 2 kilometr məsafəyə qaçış, idman nərdivanı və paralel qollarda qalibi müəyyənləşdirməyə çalışıblar. Yekun nəticəyə əsasən, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini xal hesabı ilə qabaqlayaraq qalib adını qazanıb. Şahbuz rayon Ayrınc kənd tam orta məktəbinin komandası ikinci, Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası muxtar respublikanı Azərbaycan çempionatında təmsil edəcək.
Ceyhun Məmmədov