İdmanla məşğul olmaq insan həyatında böyük dönüşlərə səbəb olub: bəzən xəstəlikdən qoruyub, bəzən uğur gətirib, insanı məşhur idmançı kimi tanıdıb. Azərbaycan idmanı son 20 ildə Avropada ən yüksək nailiyyət əldə etmiş sahə kimi qiymətləndirilir. Bunun səbəbi ölkə rəhbərinin bu sahəyə diqqəti, idmanı və idmançıları daim diqqətdə saxlaması, gənclərin bu sahəyə yönləndirilməsi istiqamətində verdiyi tapşırıqlardır. İndi qürurla demək olar ki, Azərbaycan idman ölkəsidir və qazanılan uğurlar bu sahənin inkişaf dinamikasının göstəricisidir.
Möcüzəvi növlər
İdman böyük və əyləncəli olduğu qədər, həm də çətin və çoxşaxəli sahədir. Dünya praktikasında idmanın inkişafı üçün müəyyən tədbirlər planı hazırlanır ki, ilk olaraq, bütün idman növlərinin kütləviliyinə nail olmaq üçün hansından başlanması planlaşdırılır. Bu, idman aləmində çox həssas məsələ kimi qeyd edilir. Çünki bir ölkədə idmanın inkişafı, kütləvi hal alması və tanıdılması üçün ilk addım vacib olmalıdır. Dünya alimləri idmanı təkcə sağlamlıq üçün bir vasitə yox, həm də möcüzəvi hərəkətlər sistemi kimi dəyərləndirirlər. Onlar üçün idmanın bəzi növləri var ki, həmin növlər qeyri-adiliyi ilə yanaşı, həm də insanları bir çox xəstəlikdən xilas edir. Avropalılar bunu belə dəyərləndirdiyi halda, bəzi islam ölkələri möcüzəvi idman növlərini dinlə əlaqələndirirlər. Onların fikrincə, bu idman növləri müntəzəm olaraq edildiyi təqdirdə insan bədənində möcüzəvi vəziyyət yaranır.
Bəs bu möcüzəvi idman növləri hansılardır?
Üzmək – bu növ bədənin bütün əzələlərini çalışdırır.
Qaçış – bu, sadəcə, idman növü deyil, həmçinin müalicə növüdür: insanda stress və depressiya riskini azaldır, nəfəsin düzgün verilib-alınmasını tənzimləyir.
Velosiped sürmək – insan nə qədər tərləyərsə, o qədər kalori yandıracaq. Bu növdə ayaq əzələləri daim çalışır ki, bu fəaliyyət insanı ayaqda şux saxlayır.
Tullanmaq (iplə) – dünya alimlərinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, bu növ ən təsirli yağyandırma hərəkətlərindən ibarətdir. Belə ki, bu hərəkəti etməklə dəqiqədə 15-20 kalori yandırmaq mümkündür.
Jim – bunu klassik idman növü də adlandırırlar. Bədəni inkişaf etdirməyin ən sadə yolu məhz jimdir. Bu növü fərqli formalarda etməklə bədənin müxtəlif hissələrini də çalışdırmaq mümkündür.
Çöməlmə hərəkətləri – bu hərəkətlər zamanı bədənin bütün orqanları hərəkət edir, ürək ritmi sürətlənir. Bu növ iki hissədən ibarətdir: tullanma və ağırlıqla tullanma.
Yerindən sürətli qaçış – ayaq əzələlərinin ən yaxşı inkişafı üçün edilən idmandır. Gündə 20 dəfə 10 metr məsafəni cəld qaçmaqla istəyə nail olmaq mümkündür.
Muxtar respublikada olanlar
Naxçıvan Muxtar Respublikasında möcüzəvi hesab edilən idman növlərinə gənclər arasındakı marağı xüsusi qeyd etməliyik. Hətta bu idman növlərindən ikisinə aid muxtar respublikada federasiya belə fəaliyyət göstərir.
1. Qaçış – Yüngül Atletika Federasiyası. Yüngül atletika bütün idman növlərinin təməlini təşkil edir. Burda ən vacib məqam idmançının güc məşqinə riayət etməsidir. Çünki yüngül atlet daha çox fiziki məşq edib öz yüngül qaçışını itirə bilər. Düzdür, ağır çəki çalışması zamanı əzələ yığmaq üçün edilən idman hərəkətləri qan şəkərini nəzarətdə saxlayan maddələr mübadiləsini artırır. Lakin bununla yanaşı, idmançının sürət tempinə də müəyyən təsir göstərir. Yüngül atletika ilə məşğul olanlar üçün digər nüans gərilməkdir. Burada əsas məsələ tempi tutmaqla yanaşı, insan özü özünü həvəsləndirməyi bacarmalıdır.
2. Velosiped – Hava və Ekstremal İdman Növləri Federasiyası. Bu federasiya yeni yaranmasına baxmayaraq, gördüyü müəyyən işlərlə yadda qalıb. Federasiyanın tərkibində bir çox qəliz və çətin idman növləri olduğundan bu, özündə bütün sahələri birləşdirir. İlk olaraq, bu növlə məşğul olmaq istəyənlər öz bədənlərindəki güclə psixoloji durumlarını balanslaşdırmalıdırlar. Məsələn, ötən il dünyada bu növlə məşğul olanların çoxu müəyyən zədələr alıb. Odur ki, bu növün peşəkarları məsləhət görürlər ki, balanslaşdırmanı təyin etmək üçün qolları açıb gözləri yummaq və əlləri yuxarıya qaldırmaq, həmçinin tennis oynamaq, rəqs etmək, yüngül qaçışla məşğul olmaq insanı zədə almaqdan qoruyacaq. Bu növdən istifadə edənlərdə dözümlülük vacib şərtdir. Dözümlülük üçünsə skelet və əzələlərin güclü olması əsasdır. Bəzən bu növə aid olan dağadırmanma və ya velosipedsürməni çox sadə idman növü hesab etsələr də, bu heç də belə deyil. Velosiped sürmək, dağ turizmi ürək ritmini artırır. Gün ərzində bu növlərlə məşğul olacaqsınızsa, o zaman bundan öncə 10-13 dəqiqə isinmə hərəkətləri etməyiniz vacibdir.
Ceyhun Məmmədov