İdman ictimai həyatın mühüm sahəsidir. Artıq Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir tərəfdən mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir.
Digər tərəfdən isə Azərbaycan qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi etməklə gücünü bir daha sübut edir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi sosialyönümlü tədbirlərdəndir ki, bu da Naxçıvan Muxtar Respublikasında idman potensialının güclənməsi üçün mühüm əhəmiyyət kəsb edir. Hər ay keçirilən tədbirlərin sayının artması, idmançıların üzə çıxarılması onların idmanla məşğul olmaları ilə yanaşı, həm də sosial həyatlarına müsbət təsir göstərir.
Fərdi və ya kollektiv idman, bir məqsəd və uğur
Mart ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, rayon idman idarələri və muxtar respublikada fəaliyyət göstərən federasiyalar bir çox yarışlar, turnirlər, birinciliklər təşkil ediblər. Geridə qoyduğumuz ay daha çox muxtar respublika idmanında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş yarışlarla yadda qaldı. İlk belə turnir Şərur Olimpiya-İdman Kompleksində baş tutdu. Gənc, perspektivli boksçuların üzə çıxarılması məqsədilə keçirilən yarışda Şərur və Sədərəyin dəri əlcək sahibləri rinqdə güclərini nümayiş etdirdilər.
Şərq Döyüşü Sənəti Federasiyası isə Gənclər və İdman Nazirliyi ilə birgə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində kikboksinq üzrə Naxçıvan şəhər açıq birinciliyi təşkil etdi. 100-ə yaxın idmançının mübarizə apardığı birinciliyin final qarşılaşmaları xüsusi marağa səbəb oldu. Federasiya həmçinin ötən ay da rayonlarda keçirdikləri tədbirləri təxirə salmadı. Mart ayının son günlərində nazirliklə birgə Babək rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kikboksinq üzrə muxtar respublika birinciliyi keçirdi.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Yüngül Atletika Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası və Basketbol Federasiyası nazirliyin tədbirlər planına uyğun olaraq, mart ayında Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş turnirlər təşkil etməklə bu idman növlərinin inkişaf etdirilməsinə öz töhfələrini verməyə çalışırdılar. Bu yarışlarda 400-ə yaxın gənc idmançı qüvvəsini sınayıb. Geridə qoyduğumuz ayı Basketbol Federasiyası üçün tarixi ay kimi dəyərləndirmək olar. Federasiya Gənclər və İdman Nazirliyi ilə birgə ilk dəfə olaraq dairəvi sistem üzrə basketbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına start verdi.
Fərdi idman növlərindən şahmatın kütləvi hal alması üçün Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyi mütəmadi olaraq şəhər və rayonlarda yarışlar təşkil edir. Mart ayında belə yarışlardan biri də Naxçıvan Şahmat Mərkəzində keçirildi. Naxçıvan şəhər məktəblilərinin komanda birinciliyində 100-ə yaxın şagird zəkasını sınadı. Həmçinin geridə qoyduğumuz ay Sədərək və Kəngərli rayonlarında da belə turnirlər təşkil edilib ki, yarışlarda 50-dən çox idmançı mübarizə aparıb.
Daim diqqət mərkəzində saxlanılan və dövlət qayğısı ilə əhatə olunan fiziki imkanları məhdud uşaqlar arasında keçirilən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan uşaq xalq oyunları yarışını xüsusi qeyd etmək lazımdır. 4 komanda və 16 paralimpiyaçının iştirakı ilə təşkil olunan yarışda idmançıların peşəkarlığı diqqətdən yayınmadı.
Kollektiv idman növlərindən olan Voleybol və Futbol federasiyaları mart ayında tədbirlər planına uyğun olaraq, bir çox yarış və yoldaşlıq görüşləri təşkil ediblər. Bu tədbirlərin xüsusilə rayonlarda təşkil olunması təqdirəlayiqdir. Ümumtəhsil məktəblərinin qız komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi, həmçinin Naxçıvan şəhəri, Culfa və Şahbuz rayonlarında keçirilən yoldaşlıq görüşləri diqqətdən yayınmayıb.
Futbol Federasiyası isə Naxçıvan Muxtar Respublika çempionatı təşkil etməklə yanaşı, eyni zamanda yoldaşlıq oyunları keçirəcək rayonlarda bu idmana marağı artırmağa çalışıb. Mart ayı ərzində federasiya Babək Rayon Gənclər və İdman İdarəsi ilə birgə gənclərin asudə vaxtlarının təşkili, rayonun qəsəbə və kəndləri arasında idman əlaqələrinin inkişaf etdirilməsi və idmanın kütləviliyinin təmin edilməsi məqsədilə futbol üzrə yoldaşlıq görüşləri təşkil edib. Kollektiv idman yarışlarının daim diqqətdə saxlanması, həmçinin fərdi növlər üzrə turnirlərin mütəmadi olaraq təşkil edilməsi gənclərin bu sahəyə axınını da sürətləndirib. Belə ki, mart ayında təşkil olunan yarış və turnirlərdə 1500-ə yaxın yeniyetmə və gənc idmançı iştirak edib.
Geridə qoyduğumuz ayda boksçumuz Tayfur Əliyevin İtaliyanın Assisi şəhərinə Azərbaycan yığması ilə birlikdə yollanması və orda keçirdiyi bütün sparrinq döyüşlərində qalib gəlməsi onun “Bakı-2015” Avropa Oyunlarına tam hazır vəziyyətdə olmasının göstəricisidir. Həmçinin Hövsan Olimpiya-İdman Kompleksində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının açıq birinciliyində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirməsi Yunis Hüseynəliyev (90 kq) iştirak edib və gümüş medal qazanıb.
Ceyhun Məmmədov