Dünən Naxçıvan şəhərində yerləşən “N” hərbi hissədə yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” (VMH) poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 tam orta məktəbin komandası iştirak edib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmalarına, vətənpərvərlik hislərinin aşılanmasına və gənclərin hərbi xidmətə hazırlıq səviyyələrinin yüksəldilməsinə kömək edir. Sonra Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi, leytenant Əli Kazımov çıxış ediblər.
Poliatlon dördnövçülük proqramına uyğun olaraq, yarış 100 metr qaçış, 2000 metr kross qaçışı, qumbaraatma və turnikdədartınma növləri üzrə təşkil edilib. Yarışın yekununa əsasən, 16 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 1 nömrəli tam orta məktəbin komandası ikinci, 7 və 2 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü olublar.
Sonda I, II, III yerləri tutan komandalara təşkilatçıların kubok, diplom və fəxri fərmanları təqdim edilib.
* * *
Babək qəsəbəsində Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin müdafiəsinə hazıram” (VMH) poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliyə yekun vurulub. Birinciliyin keçirilməsində məqsəd rayonun bədən tərbiyəsi və idman kollektivlərində, qəsəbə və kəndlərində “VMH” çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, çağırışyaşlı və çağırışaqədərki gəncləri hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək, onların Milli Orduda layiqincə xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdən ibarət olub.
Yarışda əvvəlcə Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı, rayon Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev çıxış edərək yarış haqqında ümumi məlumat veriblər və iştirakçılara uğurlar arzulayıblar.
Proqram üzrə yarış 10 komandadan 50 idmançının iştirakı ilə 100 metr məsafəyə qaçışdan, 2000 metr məsafəyə kross qaçışından, qumbara atmaqdan və turnikdə dartınmaqdan ibarət olub. Reqlamentə əsasən, hər bir komandanın bütün üzvləri proqramda göstərilən növlərin hamısında iştirak ediblər.
Yekun nəticəyə görə, birinciliyin qalibi adını 735 xalla Babək qəsəbə tam orta məktəbinin komandası qazanıb. Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası ikinci (648 xal), Hacıvar kənd tam orta məktəbinin komandası (636 xal) üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun Məmmədov