Bakı şəhərindəki Hövsan Olimpiya-İdman Kompleksində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında VKC növləri üzrə Milli Karate Federasiyasının Azərbaycan çempionatı keçirilib.
Bu yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri də çıxış ediblər. Federasiyanın sədr müavini Nəriman Quliyevin rəhbərliyi ilə paytaxta 9 karateçimiz yollanıb və idmançılarımızdan 6-sı fəxri kürsüyə qalxıb. Yaş qrupları üzrə keçirilən çempionatda ən uğurlu qələbəni Mahir Rzabəyli qazanıb. 18-22 yaş qrupunda karateçimiz bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. 18 yaşa kimi idmançılar arasında Mirpaşa Kərimzadə finala kimi məğlub olmayıb. Həlledici qarşılaşmada rəqibi xəsarət aldığına görə qaydalara əsasən, Mirpaşa Kərimzadə ikinci yerə layiq görülüb, rəqibi isə yarışdan uzaqlaşdırılıb. Gümüş medalı boynuna asan digər idmançımız isə Abbas Qasımov olub. O, 17 yaşlı karateçilər arasında yalnız final qarşılaşmasında məğlubiyyətlə üzləşib.
8-9 yaş qrupunda Rəşid Süleymanov, 14-15 yaş qrupunda Sərcan Məmmədov və 22-25 yaş qrupunda Yunis Hüseynəliyev isə çempionatı üçüncü pillədə başa vurublar.
Qalib idmançılara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Məlumat üçün qeyd edək ki, idmançılarımızın uğurlu çıxışından sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi hədiyyəyə layiq görülüb.
Ceyhun Məmmədov