Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi açıq birinciliyə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 3 gün davam edən birincilikdə 8 komanda iki yarımqrupda mübarizə aparıb. A qrupunda “DİN” (Daxili İşlər Nazirliyinin komandası), “Şahbuz”, “Sədərək”, “Ordubad”, B qrupunda isə “Şərur”, “Culfa”, “Babək” və “Kəngərli” komandalarının mübarizəsində finala A qrupunun iştirakçıları vəsiqə qazanıblar.
Birinciliyin son günündə əvvəlcə meydana üçüncülük uğrunda “Şərur” və “Culfa” komandaları çıxıblar. Daha üstün oyun nümayiş etdirən Culfa voleybolçuları meydanı 3:1 hesablı qələbə ilə tərk edərək birinciliyi üçüncü pillədə başa vurublar. Final görüşü isə gözlənildiyindən də maraqlı keçib. A qrupunda mübarizə aparan “DİN” və “Sədərək” komandaları qrup mərhələsində qarşılaşmış və sədərəklilər rəqibini 3:1 hesabı ilə məğlub etmişdilər. Həlledici qarşılaşmada “DİN” voleybolçuları işlərinin heç də asan olmadığını bilirdilər. Eldar Zülfüqarovla Rüstəm Cəfərovun idarə etdiyi qarşılaşma sədərəklilər üçün heç də yaxşı başlamadı və onlar ilk iki setdə istirahətə məğlub yollandılar.
Elə finalın dönüş nöqtəsi də buradan başladı. İlk iki setdə bütün gücünü ortaya qoyan və rəqibinə aman verməyən “DİN” voleybolçularının səhvindən sədərəklilər maksimum yararlandılar və hesab arasındakı fərqi azaltdılar – 2:1. Növbəti – dördüncü setdə isə oyunun axarı tam olaraq dəyişdi və sədərəklilər açıq fərqlə rəqiblərini məyus etməyi bacardılar. Oyunun həlledici – 5-ci setində komandalar bütün güclərini ortaya qoydular. Əvvəlcə “DİN” komandası ardıcıl xallar qazanmaqla hesab arasındakı fərqi 5 xala çatdırdı. Di gəl ki, bir qədər arxayınçılıq onlar üçün uğursuz sonluqla yekunlaşdı. Rəqibinə ciddi müqavimət göstərən “Sədərək” son setdə 15:13 hesabı ilə qələbə qazanaraq Naxçıvan Muxtar Respublikası açıq çempionatının qalibi adını qazandı.
Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının təşkil etdiyi birinciliyin mükafatlandırma mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini Məcid Seyidov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Oqtay Musayev idmançıları mükəmməl oyunlara görə təbrik etdilər.
Sonda qalib komandalara diplom və hədiyyələr təqdim olundu.
Ceyhun Məmmədov