Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi davam edir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilikdə artıq qrup mərhələsinin oyunları başa çatıb.
Qrup oyunlarının son günü gərgin mübarizə ilə yadda qalıb. A qrupunda liderlik uğrunda mübarizə “DİN” və “Sədərək” komandaları arasında olub. Daha baxımlı oyun sərgiləyən sədərəklilər 3:1 hesabı ilə qalib gəldilər. Qrupun digər oyununda azarkeşlər 5 setə şahidlik ediblər. “Şahbuz” komandası “Ordubad” komandasını 3:2 hesabı ilə məğlub edərək qələbə qazanıb.
B qrupunda isə yarımfinala “Culfa” və “Şərur” voleybolçuları vəsiqə qazanıblar. Qrupun son oyunlarında “Şərur” “Babək”i, “Culfa” isə “Kəngərli”ni məğlub etməyi bacarıb. Hər iki görüş 3:0 hesabı ilə başa çatıb.
Artıq Naxçıvan Muxtar Respublika açıq birinciliyinin finalçıları da məlumdur. Dünən keçirilən yarımfinal görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Sədərək”-3 – “Culfa”-1
“Şərur”-0 – “DİN”-3
Beləliklə, bu gün keçiriləcək final oyununda “Sədərək” və “DİN” komandaları qarşılaşacaqlar.
Dünən voleybolçular Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və Dövlət Bayrağı Muzeyində olublar.
Ceyhun Məmmədov