22 Dekabr 2024, Bazar

“Araz-Naxçıvan” cari mövsümdə məğlub olmayan yeganə komandadır

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı davam edir. Cari mövsümün başa çatmasına az bir müddət qalmış çempionluq uğrunda mübarizə həyəcanı da artmaqdadır. Artıq turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan komandalar qarşıdakı oyunlarda xal itirməməyə çalışmalıdırlar. Əks təqdirdə, mövsüm ərzində çəkdikləri əziyyətlər hədər gedəcək.

Hazırda turnir cədvəlinə başçılıq edən “Dinamo” futbol komandasının aktivində 34 xal var. Keçirdiyi 13 oyunda yalnız meydanı bir dəfə məğlub tərk edən Daxili İşlər Nazirliyinin komandasını qarşıda daha çətin oyun gözləyir. “Araz-Naxçıvan”la görüş eyni zamanda çempionatın taleyini həll edəcək. Mövsümə iddialı başlayan “Araz-Naxçıvan” cari mövsümdə məğlub olmayan yeganə komandadır. Həmçinin “qırmızı-ağlar” rəqibi ilə müqayisədə bir oyun az keçirib. Yəni qarşıdakı turlarda qələbə qazanacağı təqdirdə, Naxçıvan Muxtar Respublika çempionatında növbəti mövsümün qalibi “Araz-Naxçıvan” ola bilər. Hazırda “qırmızı-ağlar”ın aktivində 12 oyundan 34 xal var.
Hər mövsüm çempionatın favoriti kimi göstərilən və ötən ili çempion kimi başa vuran “Universitet” komandası da uğurunu təkrarlaya bilər. Əslində, dövlət universitetinin yetirmələri “Araz-Naxçıvan”la oyuna kimi turnir cədvəlində ikili hakimiyyət yaratmışdılar və “Dinamo” ilə birgə liderlik “kreslo”sunda əyləşmişdilər. Lakin iki görüşdə “qırmızı-ağlar”a məğlub olan tələbələr (3:2, 4:2) çempionluq yarışında özlərini bir qədər çətinə saldılar. İndiyədək “Universitet” komandası 14 oyun keçirib və aktivində 31 xalı var.

Bütün görüşlərini qələbə ilə başa vuracağı və ilk üç pillədə qərarlaşan komandaların xal itirəcəyi təqdirdə, “Arpaçay” komandası mövsümü çempion kimi başa vura bilər. 15 görüşdə aktivinə 27 xal yazdırmağı bacaran şərurlular doğma arenada sərgilədikləri oyunla hamını təəccübləndirməkdədirlər. İndi onların ən real şansı mövsümü üçüncü pillədə başa vurmaqdır.
Dörd komandadan fərqli olaraq, çempionatın digər 6 təmsilçisinin mövsümü mükafatçılar sırasında başa vurmağa şansları qalmayıb. Yalnız 12 oyundan sonra 7-ci pillədə qərarlaşan “Babək” komandası qarşıdakı bütün görüşlərini qələbə ilə başa vuracağı halda, mövsümü ilk dördlükdə tamamlaya bilər. Turnir cədvəlinin 5-ci pilləsində özünə yer tapan Şahbuzun “Batabat” komandası meydanı bu günədək 6 qələbə ilə tərk edibsə, 6-cı pillədəki “Əlincə” (Culfa) bunu 4 dəfə bacarıb. Son pillələrdə isə “Dübəndi” (Ordubad), “Sədərək” və “Kəngərli” komandaları qərarlaşıblar.
Bombardirlər cədvəlində də lider komandaların futbolçuları arasında kəskin mübarizə gedir. “Araz-Naxçıvan”lı hücumçu Tağı Seyidovun başçılıq etdiyi cədvəldə (12 qol) digər iki pilləni Turqay İbrahimov (“Araz-Naxçıvan” – 12 qol) və Həsən Qaraaslan (“Universitet” – 11 qol) paylaşırlar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR