Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilik 3 gün davam edəcək.
Yarışın açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərasimdə çıxış edən Gənclər və İdman nazirinin müavini Məcid Seyidov qeyd etdi ki, son illər muxtar respublikada idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız hər bir yarışda uğurla çıxış edirlər. Bu gün keçirilən voleybol birinciliyi bir daha sübut edir ki, muxtar respublikada idmanın inkişafı yüksək səviyyədədir.
Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev isə çıxışında keçirilən birinciliyin qaydaları haqda iştirakçıları məlumatlandırdı və onlara uğurlar arzuladı.
Yarışda 8 komanda iki yarımqrupda mübarizə aparır. A qrupunda “DİN” (Daxili İşlər Nazirliyinin komandası), “Şahbuz”, “Sədərək” və “Ordubad”, B qrupunda isə “Şərur”, “Culfa”, “Babək” və “Kəngərli” komandaları ilk iki pillə üçün meydana çıxdılar. Qrupda ilk iki pillədə yer alan komandalar yarımfinala yüksələcək və həlledici qarşılaşma üçün mübarizə aparacaqlar.
Birinciliyi idarə edən hakimlərə gəlincə, yarışın yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Respublikası Voleybol Federasiyasının hakimlər briqadası görüşlərdə fit çalır. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Oqtay Musayevdir. Digər referilər isə beynəlxalq və respublika dərəcəli hakimlər Eldar Zülfüqarovla Rüstəm Cəfərovdur.
Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının təşkil etdiyi birincilikdə komandalar həmçinin Naxçıvanda yerləşən muzey və tarixi abidələrlə də tanış olacaqlar. Belə ki, voleybolçular Heydər Əliyev Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Bayraq Meydanı ilə tanış olub, Əshabi-Kəhf ziyarətgahını ziyarət edəcəklər.
Artıq birinciliyin ilk günündə bir sıra oyunlar keçirilib. Günün ilk qarşılaşmasında meydana A qrupunda mübarizə aparan “Sədərək” və “Şahbuz” komandaları çıxdı. Daha üstün oyun sərgiləyən sədərəklilər hər üç seti qələbə ilə başa vurdular – 3:0. Qrupun digər oyununda “DİN” “Ordubad” komandasını sınağa çəkdi. Bu görüşdə birincilər bacarıqlarını kifayət qədər yaxşı nümayiş etdirdilər – 3:0. B qrupunun ilk matçında isə “Şərur” komandası Kəngərli həmkarlarını quru hesabla məğlub etməyi bacardılar – 3:0. Günün ən gərgin qarşılaşması “Babək” və “Culfa” komandaları arasında oldu. 5 set davam edən oyunda meydanı qələbə ilə culfalılar tərk etdilər – 2:3.
Dünən keçirilən digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“DİN”-3 – “Şahbuz”-0
“Sədərək”-3 – “Ordubad”-0
Ceyhun Məmmədov