Amma hələ də bu işdə ləngiyirik
Artıq neçə illərdir ki, muxtar respublikamızda idman mövzusu aktual məsələlərdən birinə çevrilib. Bu da səbəbsiz deyil. Çünki idman hər bir cəmiyyətin sağlam inkişafında böyük rola malikdir. Bu baxımdan qürur duyuruq ki, Azərbaycan bayrağının iki dəfə rəsmi olaraq qaldırılmasının biri idmanla bağlıdır. Ona görə də idmanda qazandığımız uğurlar həm də böyük siyasi xarakter daşıyır, dövlətçiliyimizin nailiyyəti kimi qiymətləndirilir. Xüsusilə qeyd etməliyəm ki, idman təkcə hər hansı bir yarışda uğur qazanmaq deyil, həm də gələcək nəslin sağlamlığının qorunmasıdır. Bundan başqa, idman gəncləri təşəbbüskarlığa, əməksevərliyə, təəssübkeşliyə, səbrə, iradəli olmağa, dözümə öyrədir; insanda yalnız öz gücünə arxalanmaq, komanda yoldaşına yardım göstərmək, nəticə etibarilə, humanist olmaq və Vətəni sevmək kimi vacib keyfiyyətlər formalaşdırır.
Son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Artıq neçə illərdir ki, Naxçıvanda müxtəlif beynəlxalq idman yarışları keçirilir. Mütəxəssislərin fikrincə, hər hansı bir ölkədə beynəlxalq yarışlar keçirilərkən 3 əsas meyar nəzərə alınır. İlk növbədə, həmin ölkədə idmanın inkişafı, ikincisi, bu sahədə maddi-texniki bazanın vəziyyəti, üçüncüsü isə təşkilatçılıq. Sevindirici haldır ki, bütün bunlar muxtar respublikada yüksək səviyyədədir. Hazırda muxtar respublikada 1042 idman müəssisəsinin və sadə idman qurğularının fəaliyyət göstərməsi bu sahəyə qayğının ən böyük ifadəsidir. Ümumilikdə, muxtar respublikamızda son illərdə 40-dan çox idman obyekti tikilərək, yenidən qurularaq və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Həmçinin muxtar respublikamızda istifadəyə verilən yeni məktəb binalarında ən müasir standartlara cavab verən idman zalları yaradılıb. Belə şərait hesabınadır ki, təkcə 2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanıblar.
Uğurlarımız çoxdur. Amma bu sahədə nöqsanlarımız da var. Bəzi idman federasiyaları işlərini günün tələbləri səviyyəsində qurmur, Naxçıvan şəhərində bir sıra tarixi və əlamətdar yarışlarda iştirak etməklə işlərini bitmiş hesab edirlər. Xüsusilə də federasiyaların rayon bölmələrinin fəaliyyəti qənaətbəxş deyil. Hətta elə bölmələr var ki, onların yalnız adı bəllidir, işi isə... Həmin bölmələrin məlumat bazasının vaxtlı-vaxtında yenilənməməsi bu işə nə qədər məsuliyyətsizliklə yanaşıldığını göstərir. Halbuki muxtar respublikamızda yaradılan idman qurğularından səmərəli istifadə edilməsi üçün bu bölmələrin üzərinə mühüm vəzifələr düşür. Uşaqların yaş qruplarına görə federasiyalara cəlb edilməsi, federasiyadaxili yarışların təşkil olunması, idman sahəsində xüsusi istedadı olan uşaqların qeydiyyatının aparılması, onların idmançı kimi formalaşması üçün lazımi tədbirlərin həyata keçirilməsi ən vacib məsələlərdəndir. Bəzi federasiyaların rayon üzrə bölmələrində nəinki uşaqların və gənclərin qeydiyyata alınması işi aparılır, onların heç fəaliyyəti belə, yoxdur. Elə götürək Ordubad rayonunu. Rayonda federasiyaların bölmələrinin fəaliyyəti ilə maraqlandıq. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən aldığımız məlumata görə, rayonda 8 idman federasiyasının bölməsi yaradılıb. Amma rayon İcra Hakimiyyətindən bildirdilər ki, burada yalnız Basketbol, Voleybol və Yüngül Atletika federasiyalarının bölmələrində məşqlər aparılır. Belə nəticəyə gəlmək olar ki, 5 federasiyanın, sadəcə, kağızda adı var.
Onu da qeyd edim ki, mart ayının əvvəlində Ordubad Rayon İcra Hakimiyyətində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Görünür, yığıncaq öz nəticəsini verməyib.
Məlumat üçün bildirim ki, federasiyaların rayon üzrə bölmələri ictimai əsaslarla fəaliyyət göstərir. Hər bölməyə bir məsul şəxs cavabdehdir. Amma, təəssüf ki, bəzi məsul şəxslər hətta hansı federasiyanın bölməsinə rəhbərlik etdiklərindən xəbərsizdirlər. Bunu Kəngərli rayonunda müşahidə etdik. Rayonda Voleybol Federasiyası üzrə bölmənin fəaliyyəti ilə maraqlandıq. Yuxarıda da qeyd etdiyimiz kimi, burada federasiyaların məlumatlarının yenilənməməsi, bu işə ciddi fikir verilməməsi, məşqlərin hansı saatlarda, haralarda aparılması haqqında məlumatların olmaması kimi yolverilməz vəziyyət müşahidə etdik. Federasiyanın rayon bölməsinin məlumat bazasında iki məsul şəxsin adı göstərilib. Onlardan biri ilə – Məhəmməd Əhmədovla həmsöhbət olduq. Məlum oldu ki, onun hansı bölmənin məsul şəxsi olmasından xəbəri yoxdur. İcra Hakimiyyəti ilə əlaqə saxladıqdan sonra aydınlaşdı ki, əslində, o, Paralimpiya Federasiyasının rayon üzrə bölməsinə rəhbərlik edir. Digər “məsul şəxs” Nazim Canbaxşıyevlə də görüşdüm. Düşündüm ki, bəlkə, Nazim müəllimdən Voleybol Federasiyasının bölməsi haqqında, keçirilən məşqlər barədə məlumat öyrənə bilərəm. Amma o bildirdi ki, rayonda Voleybol Federasiyasının bölməsi fəaliyyət göstərmir. Yaxın zamanlarda yaradılması nəzərdə tutulur. Voleybol Federasiyasının sədr müavini də eyni sözləri dedi. Maraqlıdır ki, məlumat bazasında federasiyanın rayon üzrə bölməsinin fəaliyyət göstərdiyi və 24 idmançısı olduğu bildirilir. Ümumiyyətlə, Kəngərli rayonunda idmanın vəziyyətini mətbuat səhifələrindən daha aydın görmək olar. Rayon qəzetinin 2014-cü ilin son 6-7 ayında nəşr olunan nömrələrinə nəzər yetirdik. Şahmat və tennis idman növündən başqa, digər idman yarışlarının keçirilməsi ilə bağlı xəbərlərə rast gəlmədik.
Qeyd edim ki, rayonda məşqçi-müəllim olmadığından Karate-do, Basketbol və Şərq Döyüşü Sənəti federasiyalarının bölmələri də fəaliyyət göstərmir.
Adıçəkilən rayonlarla müqayisədə Culfa rayonunda vəziyyət o qədər pis deyildi. Rayon İcra Hakimiyyətindən verilən cədvəldə bütün federasiyaların rayon üzrə bölmələri, keçirilən məşqlərin saatları və yerləri, məşqçi-müəllimlərin adları, bir sözlə, lazım olan bütün məlumatlar var idi. Saatları göstərilən vaxtlarda məşqlərdə iştirak etdik. Culfa Dəmiryol İdman Klubunu, Ərəzin kəndinin futbol meydançasını, Bənəniyar və Əbrəqunus kənd tam orta məktəblərinin idman zallarını boş görmədik. Düzdür, bəzi məşqlər o qədər ürəkaçan olmasa da, işinə məsuliyyətlə yanaşan məşqçi-müəllimlərimiz də az deyildi.
Müşahidə apardığımız rayonların qəzet səhifələrini vərəqlədikdə aydın oldu ki, keçirilən idman yarışlarının əksəriyyəti rayonların Təhsil şöbələri və Uşaq-gənclər idman məktəblərinin təşkilatçılığı ilə keçirilən yarışlardır. Federasiyaların rayon üzrə bölmələrinə məsul şəxslər məşqlərin mütəmadi olaraq keçirilməsinə ciddi yanaşmayıb, ümumiyyətlə, uşaq və gənclərin federasiyalara cəlbində təşəbbüskarlıq göstərməyib, komandaların təşkilində maraqlı olmayıblar. 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məsələyə toxunaraq deyib: “Federasiyalar işini, sadəcə, əlamətdar günlərdə müxtəlif idman yarışları keçirməklə bitmiş hesab etməməlidirlər. Hər bir idman federasiyası özünün müxtəlifsəviyyəli komandalarını təşkil etməlidir. Yadda saxlamaq lazımdır ki, federasiyalararası yarışları canlandırmadan ölkə və beynəlxalq əhəmiyyətli yarışlara hazırlıq səviyyəsini artırmaq mümkün deyil. Bu cəhət diqqətdə saxlanmalı, federasiyalar öz yığma komandalarını formalaşdırmalıdırlar. Federasiyalar üzrə muxtar respublika birincilikləri keçirilməli, qaliblərə müvafiq mükafatlar verilməlidir. Keçirilən yarışlar əhali arasında idmanın təbliği məqsədilə kütləvi informasiya vasitələrində geniş işıqlandırılmalıdır”.
Ümumiyyətlə, idman elə bir sahədir ki, burada hamı təşəbbüskarlıq göstərməlidir. Bu işdə kütləvi informasiya vasitələrinin də üzərinə böyük vəzifələr düşür. Məsələn, qəzetimizin hansı nömrəsində federasiyaların rayon üzrə bölmələrinin hər hansı məşqindən reportaj hazırlamışıq? Ya da hansı federasiya valideynlərlə görüşlər təşkil edərək uşaq və gənclərin idmana cəlbi mövzusunda maarifləndirici tədbir keçirib? Bu gün belə maarifləndirici tədbirlərə böyük ehtiyac var. Elə ailələrimiz var ki, övladının idmana marağını görsələr də, onu başqa istiqamətə yönəldirlər. Bəzən məşqlər və yarışlar zamanı hər hansı bir uşağın idmanın müxtəlif sahəsi üzrə istedadı ortaya çıxır. Məşqçilər də əsas diqqəti məhz belə uşaqlara yönəldir, onların gələcəyi üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Ancaq çəkdikləri zəhmətin bəhrəsini gözlədikləri bir zamanda görürsən ki, valideynlər belə uşaqları idmandan uzaqlaşdırır, onları dərslərə, hazırlıq kurslarına yönəldirlər. Bu da həmin uşağın istedadını məhv etməklə bərabər, onun üzərində çəkilən zəhməti, müəllimlərinin əməyini, dövlətin çəkdiyi xərcləri boşa çıxarır. Nəticədə, parlaq gələcək, necə deyərlər, beşikdəcə boğulur. Təbii ki, təhsil kompleks sahədir. Hər kəs hüquqşünas, müəllim, həkim ola bilməz. Ölkəmizə yaxşı idman mütəxəssisləri də lazımdır.
Təhsil sahəsində də çalışdığıma görə deyə bilərəm ki, hələ idmana həvəsi olmayan şagirdlə rastlaşmamışam. Xüsusilə vurğulamalıyam ki, bəzi məktəblərimizin ibtidai siniflərində, ümumiyyətlə, fiziki tərbiyə dərsi keçilmir. O dərsin yerinə şagird başqa dərslə yüklənir. Bu, təhsil prosesində, bir qayda olaraq, yolverilməzdir. Maraqlıdır ki, indiyə kimi hər hansı bir valideynin məktəbə “mənim övladıma nə üçün fiziki tərbiyə dərsi keçilmir?” – deyə müraciət etdiyinin şahidi olmamışam. Bəlkə də, aramızda belə valideynlər var. Amma gərək hamımız bu işdə maraqlı olaq, təşəbbüskar olaq. Şərt deyil ki, şagird idmanda hansısa böyük nailiyyət qazansın. Amma uşaqlarımızın sağlamlığını düşünməyə və bu işdə əməli fəaliyyətə borcluyuq. Əbəs yerə “Sağlam bədəndə sağlam ruh olar” deməyiblər.
Düzdür, yuxarıda adıçəkilən müşavirədən sonra müxtəlif idman növlərinin kütləviliyinin təmin olunması, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilmələri ilə bağlı tədbirlərin keçirilməsinə start verilib. Bu hələ azdır. Müşavirədə qarşıya qoyulan bütün vəzifələrin layiqincə yerinə yetirilməsi üçün təşəbbüskarlığımızı yüksəltməli, ətalətə son qoymalı, əməli işi gücləndirməli, tədbir xatirinə tədbir keçirmək tendensiyası ilə vidalaşmalıyıq. Ancaq bu halda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail ola və idmanda böyük uğurlara imza ata bilərik. Bunun üçün hamımız əlbir olmalıyıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Muxtar respublikada idmanın inkişafı bizim hər birimizi düşündürməli, aid təşkilatlar səylərini artırmalıdırlar. Qarşıdakı dövrdə məqsədyönlü çalışaraq idmanın kütləviliyinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə və onların sağlam böyüməsinə nail olmalıyıq. Bir sözlə, 2015-ci il muxtar respublikada idmanın kütləviliyinin təmin olunmasında dönüş ili olmalıdır”.
Sara Əzimova