22 Dekabr 2024, Bazar

Avropa alimlərinin apardığı tədqiqatlardan sonra məlum olub ki, mükəmməl fiziki hazırlığa yiyələnmək üçün insanda güclü daxili intizam və qətiyyətin olması vacibdir. İnsan idmanı, sadəcə, qarşısına qoyduğu məqsədə nail olmaq üçün etmir; sağlam həyat təkcə yarışlarda qazanılan uğurlardan ibarət deyil. Fiziki hazırlıq insan üçün böyük nemətdir – sağlamlıqdır. Bu nemətdən isə maksimum yararlanmaq insan xarakterindəki qətiyyətdən asılıdır.

Formalaşan xarakter

Bir müddət əvvəl ingilis alimlərin təsdiq etdiyi “insanın məşğul olduğu idman növünə görə xarakteri dəyişə bilər” fikri böyük səs-küyə səbəb olmuşdu. Bu fikir xarakterin 2 əlamətini – tipik və fərdi əlamətləri qarşılaşdırmışdı. Aparılan araşdırmalardan sonra təsdiq olunmuşdu ki, eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində tipik xüsusiyyətlərlə yanaşı, özünəməxsus cəhətlər də rol oynayır. Bu cəhətlərin dəyişməsində isə başlıca rolu idman oynayır. Qısası, idman makromühitdə formalaşan etnik və milli xarakterləri birləşdirməyə müvəffəq olan yeganə vasitədir. Deməli, idman insanın xarakterini formalaşdırmaqla yanaşı, eyni zamanda onun sağlam ruhda inkişafına da təsir göstərir, onda idman etmək ənənə halını alır. Məsələn, fiziki təlim üçün ideal vaxt səhər yuxusundan sonradır. Hər gün səhər 30-60 dəqiqə fiziki təlimə vaxt ayıran adamlar əksər hallarda bu işi ömürlük adətə çevirirlər.
Fiziki təlimi gündəlik adətə çevirmək güclü daxili intizam tələb edir. Bunu yuxudan qalxan kimi ilk iş olaraq görmək isə insanın işini xeyli asanlaşdırır. Həftə ərzində bu, elə də çox vaxt aparmır: 200-300 dəqiqə. Maraqlısı odur ki, insan fiziki təlimlərini gündəlik altmış dəqiqəyə çatdırırsa, o, dünyanın ən sağlam 1-2 faiz insanları sırasına qoşulur.
Hər insan isə bu işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Hansı səviyyədə olmasından asılı olmayaraq, daim məşq etmək zamanla adətə çevrilir. Alimlər idmana başlamağın heç vaxt gec olmadığını deyirlər: istənilən vaxt fiziki durumu düzəltmək mümkündür. Təbii ki, bunun üçün insan ilk olaraq özünü yaxşı mənada aldatmalıdır. Bəs necə? Ən azından axşamdan idman paltarını yatağın yanına qoymaqla özünü asan şəkildə aldada bilər. Yuxudan tam ayılmağa macal tapmamış artıq idman paltarında özünü görmək səni bu sahə ilə məşğul olmağa vadar edəcək. Eyni zamanda səhər idmanı insanda ovqatın da yaxşı olmasına zəmin yaradır.

Sağlam cəmiyyət üçün sağlam yol

Uzun, sağlam həyatı təmin etməyin əsas şərti fiziki təlimlərə başlamaq və bunu ömürboyu davam etdirməkdir. Daxili intizam və iradədən, xarakterdən istifadə edib fiziki təlimə başladıqda və bunu aramsız olaraq davam etdirdikdə insan cəmiyyət üçün də sağlam qərarlar qəbul edir. Tədqiqatçılar hər səhər fiziki təlimlə məşğul olan insanların daha ağıllı, iti düşüncəli və yaradıcı olduqlarını müəyyən ediblər. Onların intellekti daha yüksək olur və işlərini daha effektiv görmək üçün yeni ideyalara malik olurlar. Bunun səbəbi sadədir: hər səhər idman etməklə insan beynində oksigenlə zəngin qan axınını gücləndirir və bununla da, onun effektiv fəaliyyətini təmin edir. Bu da insanın gün ərzində ayıq, düşüncəli və yaradıcı olmasına şərait yaradır. Həkimlərin isə fikrincə, yuxudan oyanan kimi fiziki təlimlə məşğul olmaq insanın metabolik səviyyəsini qaldırır, nəticədə, bədən bütün gün ərzində aktiv kalori yandırır.
Daxili fiziki güclə yanaşı, möhkəm iradəyə malik olmağın digər yolu təşkilati və ya kollektiv idman növlərində çıxış etməkdir. Bu, fiziki hazırlığı yaxşı­laşdırmağın ən yaxşı yollarından biridir. Düzdür, bəzən insan buna vaxt məhdudiyyətinə görə məhəl qoymur, lakin vaxt və planlaşdırma məsələsində nə qədər çətinliklər törənsə də, nəticə hər zaman müsbət olur. Futbol, voleybol, tennis və bu kimi idman növləri ilə məşğul olduqda insan daha məsuliyyətli, intizamlı və diqqətli olur.
Güclü daxili intizama malik olan insan idman sayəsində istənilən uğura yiyələnə bilər. Çünki daxili intizam fərdin fiziki hazırlığını tam təmin etməklə yanaşı, eyni zamanda onda sağlam cəmiyyət üçün müsbət xarakter formalaşdırır.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR