22 Dekabr 2024, Bazar

İdmanın bütün növləri insana sərbəstlik, özünəinam, ən əsası isə atletik bədən bəxş edir. İnsan bədəni formalaşmağa başladığı bir gündən onun əzələləri müəyyən forma alır ki, bunu düzgün inkişaf etdirmək hər bir kəsin öz əlindədir. Atletik bədənə sahib olmaq idmana olan vurğunluqdan irəli gəlir. Məhz bu amil əsas götürülərək yüngül atletika bütün idman növlərinin yaradıcısı kimi qəbul edilir. 

Nələrə əməl etmək vacibdir?
Yüngül atletika ən qədim idman növlərindən biri hesab edilir. Bu növ özündə qaçış idman növlərini, idman yerişini, tullanmalar və atmaları, çoxnövçülük və kross yarışlarını birləşdirir. Yüngül atletikanın yaranma tarixi qədim olimpiya oyunlarının yaranma tarixi ilə eyni dövrə təsadüf edir. Maraqlısı odur ki, həmin dövrlərdə keçirilən olimpiya oyunları yalnız idman yarışları deyil, həm də idmanın sənət və mədəniyyətlə birləşdiyi böyük mərasim idi. Qədim tarixə malik olmasına baxmayaraq, müasir yüngül atletika oyunlarının geniş yayılması XIX əsrin son illərinə təsadüf edir.
Ümumiyyətlə, atletika özündə bir çox idman növünü ehtiva edir: 100, 200, 400, 800, 1500, 3000 metrlik məsafəyə qaçış, 110 və 400 metrlik məsafəyə sədlərlə qaçış, 2000 metrlik uzaqlığa maneələrlə qaçış, 10 min metrlik idman yerişi, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, lövhəatma, çəkic­atma, nizəatma.
Naxçıvan Muxtar Respublikasında yüngül atletikanın geniş yayılmış növü qaçışdır ki, hazırda Yüngül Atletika Federasiyasının təşkil etdiyi yarışların əksəriyyəti məhz 200, 400, 800 və 1500 metrlik məsafəyə qaçış və ya kross yarışlarından ibarətdir. Yüngül atletika digər idman növlərindən fərqli olaraq, insanın özünü bu sahədə sübut etməsi üçün zaman tələb edir. Yəni hər qaçan, qaçmağı bacaran kəs atlet ola bilməz. Bu idman növünə başlamazdan öncə insan mütləq şəkildə həkim nəzarətindən keçməlidir. Yüngül atletikanı seçənlərin ən böyük səhvi isə bu növə sürətli başlanğıc etmələridir. Məşqlərə tədricən, yavaş başlayıb fiziki gücü müəyyən bir həddə çatdırmaq lazımdır. Sürətli fiziki gərginlik insanı sağlamlaşdırmır, əksinə, orqanizmi zəiflədir. Sağlam olmaq üçün asta qaçmaq məsləhətdir. Sürətli qaçmaq və ya beton, asfalt yerdə qaçmaq isə oynaqlar üçün təhlükəlidir.

Yüngül atletika, hər şeydən əvvəl, ürək üçün fiziki gərginlikdir. Bu idman sahəsinin qaçış növündə insan orqanizmində silkələnmə baş verir ki, bu da təngnəfəslikdən, zökəmdən qorunmanın ən yaxşı vasitəsidir. Qaçış bütün əzələ qruplarını formaya salır, insan bədənində olan stresi aradan qaldırmağa köməklik edir. Bu növlə məşğul olarkən kor-koranə qaçışdan uzaq olmaq vacibdir. Ən azından qaçmazdan 5-8 dəqiqə öncə oynaqlar ­qızışdırılmalı, sadə gimnastik hərəkətlər edilməlidir. Ürəyin böyük təzyiq altına düşməməsi üçün qaçışdan sonra dartınma hərəkətləri edilməlidir.
Yarışlar və ya sərbəst qaçışlar zamanı çalışmaq lazımdır ki, əzələlər boşalmış vəziyyətdə saxlanılsın və hər hansı bir tənəffüs ritmi gözlənilməsin. Çünki qaçış zamanı ritmin özü gəlməlidir və bu ritmi pozan zaman qaçışın heç bir faydası olmaz. Yüngül atletika ilə məşğul olanlar qidalanmaya da xüsusilə diqqət yetirməlidirlər. Məsələn, uzun kross yarışlarından ən gec bir saat öncə yemək yeyilməlidir və təbii ki, yeyilən yemək yüngül olmalıdır. Bu, meyvə, tərəvəz və ya vitaminli maye ola bilər.
Yüngül atletikanı digər idman növlərindən fərqləndirən daha bir cəhət geyimlərdir. Bu sahə ilə peşəkar və ya həvəskar şəkildə məşğul olanlar mütləq şəkildə geyimlərinə fikir verməlidirlər. Odur ki, bütün yüngül atletika yarışlarında idmançılar tərkibi pambıq olan geyimlərdə arenalara çıxırlar.
Bəs yüngül atletikanın uşaqlar üçün xeyri nədir? Yüngül atletika, ilk növbədə, uşaqlarda ahəngdar fiziki və psixoloji inkişafa imkan yaradır, incə ayaqların, estetik bədənin formalaşmasına səbəb olur, əzələləri bərkidir. Ümumiyyətlə, atletikanın növləri psixi, emosional və fiziki narahatlığın aradan qaldırılmasında müstəsna rol oynayır.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR