Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı qazanılan uğurlarda özünü aydın şəkildə göstərməkdədir. Cari ilin ilk 2 ayında ölkə birinciliklərində, eləcə də beynəlxalq arenalarda qazanılan uğurlar diqqətdən kənarda qalmayıb. Ötən ay boks üzrə gənclər arasında keçirilən Azərbaycan çempionatının qalibi adını qazanan dəri əlcək sahibimiz Sərxan Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Belə ki, boksçumuza “Azərbaycan Respublikasının idman ustası” dərəcəsi verilib. Bu dərəcəyə layiq görülən Sərxan Əliyev bunları dilə gətirdi: “2015-ci ildə karyeramda yeni səhifələr yazıldı. İlk olaraq gənclər arasında ölkə çempionu adını qazandım. Ardınca “idman ustası” dərəcəsinə layiq görüldüm. Qarşıda məni daha çətin yarışlar və turnirlər gözləyir. İndi daha səylə çalışıb, çıxış edəcəyim yarışları qələbə ilə başa vurmalıyam. Təbii ki, qazandığım uğurların arxasında göstərilən diqqət və qayğı mühüm rol oynayır. Yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Biz idmançılar daim çalışmalıyıq ki, göstərilən etimadı doğruldaq”.
Ceyhun MƏMMƏDOV