Qədim Yunanıstanda belə bir deyim olub: “Oxumağı və üzməyi bacarmayan şəxs həyata ən az uyğunlaşmış insandır”. Üzgüçülük son iki əsrə kimi idman növü hesab edilməyib. Yalnız XIX əsrin ikinci yarısından sonra bəzi ölkələrdə bu sahə idman növü kimi tanınmağa başlamış, turnirlər, yarışlar keçirilmiş və insanlar arasında sevilmişdir.
Hansı yaşda bu növə başlamaq lazımdır?
Ən əvvəl qeyd edək ki, yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq vacibdir. Təkcə suda deyil, quruda da müntəzəm olaraq fiziki məşqlərlə məşğul olmaq insanı peşəkar üzgüçü edə bilər. Ümumiyyətlə, üzgüçülüyün dörd əsas üsulu var: sərbəst üsul, arxası üstə, brass və delfin (batterfilay).
Bunlar arasında ən geniş yayılanı – sürətlisi sərbəst üsuldur. Sərbəst üsulda üzgüçü növbəli şəkildə əlləri ilə suda üfüqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsini buraxır. Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu delfin üsuludur. Sərbəst üsuldan fərqli olaraq, delfin üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir.
Adətən, insanlar suda boğulmamaq üçün brass növündən istifadə edirlər. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən etdiyi hərəkətlərə bənzəyir. 7-8 yaşına qədər olan uşaq özünü artıq suyun üzərində saxlamağı bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrətmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir. Arxası üstə isə insan üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə sərbəst üsulda olduğu kimidir.
Üzgüçülüklə məşğul olmaq istəyən uşaqların bu idman növünə ən geci 11-12 yaşlarından başlamaları məsləhətdir. Təsadüfi deyil ki, dünya praktikasında artıq 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar belə, var. Üzmək estetik baxımdan bədənin düzgün inkişaf etməsinə zəmin yaradır, qolları, çiyinləri üzərkən yuxarı qaldırmaq sinə nahiyəsini inkişaf etdirir.
Üzgüçülükdə müəyyən şərtlər var ki, onlara əməl etmək, üzmədən öncə və sonra müxtəlif idman hərəkətləri etmək vacibdir. Aparılan araşdırmalardan sonra məlum olub ki, vücudun su ilə təmasından öncə estetik hərəkətlər edilməli, əzələlər gərilməli, bütün hərəkətlər asandan çətinə doğru aparılmalı, otaq temperaturuna fikir verilməlidir. Xüsusilə sonuncu amil vacib şərtdir: çox isti otaqda hərəkət etmək olmaz, ideal temperatur müsbət 18-25 dərəcə olmalıdır. Üzgüçülüyün ən əsas nüansı isə idmandan sonra qarşılaşa biləcəyimiz problemlərdir: spazmalar, tutulmalar üzdükdən sonra baş verə biləcək hadisələrdir. Bunun qarşısını almaq üçünsə bədəni soyuqdan, həmçinin istidən qorumaq vacibdir. Hətta dincələrkən belə, vücudun simmetrik, estetik və düzgün duruşuna diqqət etmək lazımdır; çünki üzərkən istinmiş vücud soyuyarkən hansı formadadırsa, elə də formalaşır.
Naxçıvanda müasir üzgüçülük mərkəzləri fəaliyyət göstərir
Naxçıvan Muxtar Respublikasında digər idman növləri kimi, üzgüçülüyün də inkişafına xüsusi diqqət yetirilir. Artıq muxtar respublikanın şəhər və rayonlarında tikilən idman komplekslərində yaradılan üzgüçülük mərkəzlərində üzgüçülük dərsləri aparılır, gənclərin bu sahəyə istiqamətlənmələri üçün yarışlar təşkil olunur. Uzun müddətdir, Naxçıvan şəhərində fəaliyyət göstərən Üzgüçülük Mərkəzi muxtar respublikada bir çox üzgüçü yetişdirməyə müvəffəq olub. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbovla söhbətimizdə ilk olaraq mərkəzin geridə qoyduğumuz ildə gördüyü işlərdən danışdıq: “Artıq 10 ildən çoxdur ki, mərkəz idmançıların, Naxçıvan sakinlərinin ixtiyarına verilib. Ötən ilin yay fəslində mərkəzə müraciət edənlərin sayı həddindən çox olub. Təbii ki, bizə müraciət edən və üzgüçülüklə məşğul olmağa gələn insanların rahatlığını təmin etmək üçün mərkəz tərəfindən müəyyən işlər görülür. Bir məqamı da vurğulamalıyam ki, müraciət edənlərin əksəriyyətini qadınlar təşkil edirdi. Bunun üçün qadınlar qrupu fəaliyyətə başlayıb və onlara üzgüçülüyün sirlərini öyrətmək üçün bir qadın məşqçi-müəllim mərkəzdə fəaliyyət göstərir. Eyni zamanda kişilər qrupu da fəaliyyət göstərir ki, ilin hər fəslində bura müraciət edənlərin sayı artmaqdadır”.
Ramin Talıbov Üzgüçülük Mərkəzinə gələn gənclərin sayını artırmaq və bu növün kütləvi hal alması üçün cari ildə də planlı şəkildə tədbirlər keçirəcəklərini bildirdi: “Məqsədimiz bu növün muxtar respublikada daha da inkişafına nail olmaqdır. Çünki üzgüçülük digər idman növlərindən fərqli olaraq, insanı daha gümrah saxlayır, vücudun formada qalmasına yardımçı olur. Adətən, aprel ayından etibarən müraciət edənlərin sayı çoxalır. Buna görə bu il turnirlərin keçirilməsinə aprel ayından başlamağı planlaşdırırıq. Həmçinin mərkəzdə maarifləndirici tədbirlər keçirmək, uşaq və yeniyetmələrə üzgüçülüyün faydaları haqda məlumatlar verməyi də unutmamışıq”.
Sonda kompleksin direktoru yaradılan bu şəraitə görə dövlətimizə minnətdarlığını bildirərək dedi: “İnsanların mərkəzə axın etməsinin səbəbi burda yaradılan yüksək şəraitlə əlaqədardır. Bu uğurların hamısı Naxçıvan Muxtar Respublikasında idmana göstərilən qayğının nəticəsidir. Bizə isə yaradılan şəraitdən maksimum yararlanmaq qalır”.
Ceyhun Məmmədov