22 Dekabr 2024, Bazar

Naxçıvanda keçirilən idman tədbirlərinin bir məqsədi var: muxtar respublikada bu sahəni inkişaf etdirmək və kütləviləşdirmək. İdman sahəsində ötən ayın ən əlamətdar hadisəsi olan  – fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclis Sədrinin mövzu ilə bağlı verdiyi konkret tapşırıqlar bu sahənin inkişafına mühüm töhfələr verməkdədir. 

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı üçün qurulan infrastruktur, yaradılan şərait artıq öz bəhrələrini verməkdədir. Ötən aylarla müqayisədə geridə qoyduğumuz ay daha çox ölkə daxilində qazanılan uğurlarla yadda qaldı. Ümumiyyətlə, 2015-ci ilin ilk iki ayını “boks ayı” adlandırsaq, səhv etmərik. Naxçıvan boks tarixində yeni səhifənin yazıldığına “şahidlik” edən yanvar ayında olduğu kimi, fevralda da boksçularımız yenə ölkə rinqlərində rəqib tanımadıqlarını bir daha nümayiş etdirdilər. Belə ki, 15-21 fevral tarixlərində Bakı şəhərində gənclər arasında boks üzrə Azərbaycan birinciliyi keçirildi. Bu birincilikdə Naxçıvanı 8 dəri əlcək sahibi təmsil edirdi ki, onların da arasında bütün diqqətlər yanvar ayında kişilər arasında boks üzrə Azərbaycan çempionu olan və Avropa Oyunlarına vəsiqə qazanan Tayfur Əliyevə yönəlmişdi.

Bu dəfə 56 yox, 60 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz hakimlərin qərəzli mövqeyi nəticəsində yalnız həlledici görüşdə “məğlubiyyət ilə qarşılaşdı”. Halbuki finalı qələbə ilə başa vuracağı təqdirdə Tayfur Əliyev Azərbaycan boks tarixində ilkə imza atacaqdı. Buna baxmayaraq, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev ilk dəfə çıxış etdiyi gənclərin birinciliyində qızıl medalı boynuna asmağa müvəffəq oldu. 91 kiloqram çəki dərəcəsində isə Nihad Orucov yalnız finalda məğlub olaraq ikinciliklə kifayətləndi.
Boksdan söz düşmüşkən, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası geridə qoyduğumuz ayda İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Xocalı Soyqırımı Gününə həsr olunmuş yeniyetmələr arasında Naxçıvan şəhər birinciliyi təşkil etdi. İdmanın bu növünün kütləviliyinə nail olunması məqsədilə Boks Federasiyasının təşkil etdiyi birincilikdə 50-dən çox dəri əlcək sahibi mübarizə apardı.
Ümumiyyətlə, fevral ayında təşkil olunan yarış və turnirlərin böyük əksəriyyəti Xocalı soyqırımına həsr olunmuşdu. Belə tədbirlərdən biri də Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi idi. Adıçəkilən yarışda 70-dən çox pəhləvan qüvvəsini sınamaqla həm də bu növün geniş yayıldığını göstərmiş oldu.
Fevral ayında Naxçıvan şəhərində keçirilən və Xocalı soyqırımına həsr olunan digər yarış Naxçıvan Şahmat Mərkəzindəki birincilik idi. Bu dəfə şahmat üzrə tempo turnirində 42 zəka sahibi qüvvəsini sınadı. Naxçıvan Dövlət Universitetinin idman zalında isə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında voleybol üzrə Naxçıvan şəhər birinci­liyində 6 komanda mübarizə apardı ki, 72 voleybolçu bu turnirin iştirakçısı kimi meydana çıxdı. Analoji turniri Yüngül Atletika Federasiyası da təşkil etdi. Duzdağ yolunda Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında kross qaçışında 100-dən çox idmançı finiş xəttini birinci keçməyə çalışdı.
Naxçıvan şəhərində keçirilən tədbirlərlə yanaşı, muxtar respublikanın rayonlarında da, həmişə olduğu kimi, idman yenə diqqət mərkəzində olub. Geridə qoyduğumuz ayda Ordubad rayonunda Xocalı soyqırımına həsr olunmuş yeniyetmələr arasında basketbol üzrə Ordubad və Culfa rayon komandaları arasında, Şərur rayonunda isə Naxçıvan şəhər və Şərur rayon komandaları arasında kikboksinq üzrə yoldaşlıq görüşləri keçirilib. Keçirilən bu yarışlarda 100-ə yaxın idmançı iştirak edib.
Fevral ayını Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası üçün də uğurlu hesab etmək olar. Yerli turnirlər təşkil etməklə yanaşı, federasiyanın bir idmançısı beynəlxalq yarışda uğur qazanmaqla bizi sevindirib. Belə ki, İran İslam Respublikasının Urmiya şəhərində peşəkarlar arasında kikboksinq üzrə beynəlxalq turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Rəcəbli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərar tutub.
Göründüyü kimi, bu gün gənc­lərin sağlam və fəal həyat tәrzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək muxtar respublika idman ictimaiyyətinin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Muxtar respublikada idman infrastrukturu mütəmadi olaraq yeniləşdirilir, bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədilə muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət ayrılır. Fevral ayında keçirilən tədbirlər, yarışlar bunun əyani göstəricisidir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR