Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Babək və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdən öncə çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev son illər muxtar respublikada idmanın inkişafından danışdılar. İdmançıları 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edən təşkilatçılar onlara uğurlar arzuladılar.
Görüşə gəlincə, daha üstün oyun sərgiləyən Ordubad voleybolçuları babəkli həmkarlarını 3:1 hesabı ilə məğlub etməyi bacarıblar.
Sonda təşkilatçılar tərəfindən voleybolçulara diplomlar təqdim olunub.
Ceyhun MƏMMƏDOV