Dünən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov son illər muxtar respublikada bu sahənin geniş yayıldığını, gənclər arasında kütləvi hal aldığını iştirakçıların diqqətinə çatdırıb. Sonra federasiyanın sədr müavini Yaşar Səfərov çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda 10 çəki dərəcəsində 80-dən çox idmançı tatami üzərində qüvvəsini sınayıb. Yekun nəticəyə əsasən, Asif Məmmədov (35 kq), Hüseyn Rzayev (38 kq), Vüqar Allahverdiyev (42 kq), Sadiq Sadiqli (46 kq), Elnar İmanov (50 kq), Samir Əsgərov (55 kq), Eynulla Vəliyev (60 kq), Uğur Nəcəfov (66 kq), Ruslan Babayev (73 kq) və Sultan Elmanlı (+73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Ceyhun MƏMMƏDOV