22 Dekabr 2024, Bazar

    İnsan sağlamlığına və həyat tərzinə çox güclü təsiri olan idman hələ qədim dövrdən bir mədəni inkişaf tələbi kimi yaranıb genişlənmişdir. Keçmişdəki olimpiya oyunlarından da əvvəl türk xalqlarının adət-ənənəsində möhkəm yer tutmuş müxtəlif oyunların – güləş, küştü, çövkən, at sürmək, biləkqatlama yarışlarının qalibləri güclü və çevik insanlar kimi seçilmişlər.
    İndi də müxtəlif oyunlarda və yarışlarda öz qüvvəsini sınayanların belə qələbələri təkcə qalib idmançıların deyil, həm də onların uğurlarına sevinən minlərlə azarkeşin, onları yetişdirən idman məktəblərinin və bunların ərsəyə gəlməsinə öz qayğısını göstərənlərin birgə qazancıdır. Bu qazanc isə sağlam düşüncəli, iti zəkalı, qorxmaz, cəsur və vətənpərvər gənclikdir.
    İdmana maraq hamıda vardır. Hələ kiçik yaşlarından məhəllə oyunlarında seçilən uşaqlar düzgün yönləndirildikdə gələcəyin usta idmançılarına çevrilirlər. İdman kütləviləşdikcə belə ulduzların da parlaması imkanları artır. Beləliklə, idman sağlamlığa və insan rifahına töhfə verməklə yanaşı, idmançıya, onun vətəninə böyük şöhrət gətirir.
    Bununla bərabər, idman mühüm iqtisadi göstəricilərlə ifadə olunan bir sahədir. İdman infrastrukturunun yaradılmasına, yarışların keçirilməsinə, reklam-sponsorluq fəaliyyətinə çəkilən xərclər, qalib komandalara və idmançılara verilən kubok və mükafatlar, ölkəsindən xaricdə müqavilə ilə çıxış edən idmançıların aldıqları iriməbləğli qonorarlar və digər gəlirlər dünyada milyard dollarlarla ölçülən bir həcmdə idman iqtisadiyyatını formalaşdırır. Bu da, öz növbəsində, zəncirvari qaydada özünün geniş imkanları ilə bir çox xidmət və istehsal sahələrinə də təsiretmə gücünə malikdir. Ona görə də idman və sağlamlığın qorunması sahəsində çəkilən xərclər gec-tez öz bəhrəsini verir.

    Şübhəsiz, yaxşı idmançılar yetişdirib, onların bəhrəsini görmək bir günün, bir ilin işi deyildir. Bu, oğlan və qızların uşaq yaşlarından idmana həvəsləndirilməsindən tutmuş onların sevdikləri idman növü üzrə müntəzəm məşğələlərə cəlb olunmasından və daha sonrakı proseslərdə peşəkar idman pillələrində zirvəyə doğru irəliləyişindəki dəstəkdən asılıdır. Yaradılmış idman infrastrukturunun və keçirilən yarışların əhəmiyyəti burada bir daha görünür.
    İdman iqtisadiyyatında çəkilən xərclərin gəlirlərə çevrilməsi görülən işlərin və əldə olunan nəticələrin həcmindən, habelə aparılan reklam, satış, yayım və sponsorluq işlərinin düzgün təşkilindən də asılıdır. Təkcə komandaların, onların üzvlərinin forma satışlarından, keçirilən yarışlara bilet satışlarından əldə olunan gəlirlər, bu tədbirlər zamanı otel, restoran, nəqliyyat, ticarət sahələrində yaranan canlanma idmanın iqtisadiyyata nə qədər töhfə verdiyini göstərir. İdman, konkret olaraq, maddi sektora daxil olmasa da, idman və turizm kimi sahələrdə yaranan güclü tələbin ödənilməsi real sektora daxil olan çox sayda digər sahələrin işinin hərəkətə gətirilməsi üçün, bir növ, ciddi siqnal, onların gələcək işinin genişləndirilməsində birbaşa investisiya rolunu oynayır. Məhz bu, idmanın iqtisadiyyatla inteqrasiyasını dərinləşdirən, ona olan maddi marağı artıran bir amildir. Məsələn, sevimli komandasına azarkeşlik etmək üçün qonşu ölkədən gəlmiş xarici turistlərin otellərdə yerləşdirilməsi, onlara digər xidmətlərin göstərilməsi ölkə iqtisadiyyatına birbaşa valyuta gəlirlərinin daxil olması deməkdir.
    Göründüyü kimi, bir sosial sfera sahəsi kimi idmanın inkişafını da buradakı iqtisadi münasibətlərsiz təsəvvür etmək mümkün deyil. Dövlətin bu sahənin inkişafına olan dəstəyindən əlavə, idman sferasında keçirilən hər tədbirin təsir gücünün genişləndirilərək onu hər bir idmançının maraqlarından tutmuş hər bir vətəndaşın tələbatınadək dərinləşdirilməsi lazımdır. Muxtar respublikamızda idmana göstərilən qayğının artırılması, idman yarışlarının sayının və əhatə dairəsinin genişlənməsi bu sahənin gələcək inkişafından xəbər verir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR