Ulu öndər Heydər Əlİyеv: Əhalinin fiziki sağlamlığının qorunub saxlanılmasında və möhkəmləndirilməsində, gənc nəslin daha sağlam və güclü olmasında idmanın müstəsna rolu vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoymuşdur. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmış, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi də bu sahəyə yüksək diqqət və qayğı ilə yanaşmışdır.
İdmana və idmançılara qayğı göstərilməsi, yeni olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin tikilməsi bu sahənin hərtərəfli inkişafına təkan vermişdir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanda idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. 2009-cu ildə qəbul edilən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda idmanın inkişafı sahəsində fəaliyyətin təşkilati-hüquqi əsasları, eləcə də dövlət siyasətinin konkret istiqamətləri öz əksini tapmışdır. Eyni zamanda ölkəmizdə idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir. Nəticədə, Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının təşkilatçısına çevrilmişdir. 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinin qərara alınması da Azərbaycanın dünyadakı yüksək idman nüfuzundan xəbər verir. Ölkə Prezidentinin dediyi kimi: “Azərbaycanda idman ən yüksək səviyyədədir. Biz haqlı olaraq dünyada idman dövləti kimi tanınırıq. Azərbaycanın idman uğurları bütün dünya tərəfindən yüksək qiymətləndirilir”.
Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazası xeyli gücləndirilmişdir. Muxtar respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənclərin idmana marağının artırılması diqqət mərkəzində saxlanılır. Son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, 1 peyntbol meydançası, istifadəyə verilən tam orta məktəblərdə müasir idman zalları yaradılmış, stadionlar, yeni olimpiya ağırlıqqaldırma qurğuları və digər sadətipli idman avadanlıqları quraşdırılmışdır. Ötən dövrdə muxtar respublikada idmanın təşkilati-hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzində saxlanmış, 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal, Stend və Güllə Atıcılığı federasiyaları yaradılmışdır. 2013-cü ildə “Araz-Naxçıvan” Peşəkar Futbol Komandasının fəaliyyəti bərpa olunmuşdur.
Yaradılan müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün də geniş imkanlar açmışdır. Belə ki, 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, müxtəlif vaxtlarda sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlər, “Naxçıvan Open” Beynəlxalq Şahmat festivalları, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatı, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə Dünya Kuboku Naxçıvanda keçirilmişdir.
Bu gün gənc nəslin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, qarşıya qoyulan vəzifələr də məhz bu məqsədə xidmət edir. Bu il fevralın 21-də “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmiş, konkret tapşırıqlar verilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır”.
Muxtar respublikada idmanın kütləviliyinə nail olunması, xüsusilə uşaq və gənclərin idmana cəlbi istiqamətində ardıcıl işlər görülür. Bunun nəticəsidir ki, 2014-cü ildə muxtar respublikanın gənc idmançılarının ayrı-ayrı idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, idmançılarımız dünya çempionatlarında 2, Avropa çempionatında 3, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində isə 56 medal qazanmışlar. Bununla yanaşı, 2 naxçıvanlı idmançı ilk dəfə keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ qazanmışdır.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi aid orqanlar və muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə gənclərin idmana cəlbini diqqət mərkəzində saxlayacaq, istedadlı idmançılar nəsli yetişdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti