Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə federasiyanın sədri Mahir Əliyev açaraq qeyd edib ki, geridə qoyduğumuz ildə Basketbol Federasiyası tədbirlər planına uyğun olaraq, bu idman növünün muxtar respublikada kütləvi hal alması, gənclər arasında təbliğ olunması üçün müəyyən işlər görüb. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək rayonlarında və Naxçıvan şəhərində üç yaş qrupundan ibarət olmaqla, 9 oğlan qrupu fəaliyyət göstərir. Qeyd olunan qruplarda məşqlər aparmaq, lazımi nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin olunub, məşqçi-müəllimlər və idmançılar idman formaları və basketbol topları ilə təmin edilib. Hazırda fəaliyyət göstərən bu qruplarda 150-dən artıq idmançı basketbolla məşğul olur.
Basketbol Federasiyasının sədri fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə federasiyanın qarşısına qoyulan vəzifələr və onların yerinə yetirilməsi üçün cari ildə görüləcək işlər barədə məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il nazirlik və Basketbol Federasiyasının birgə təşkil etdiyi tədbirlərdən danışıb.
Qeyd edək ki, muxtar respublikada basketbolun inkişafı, ən güclü basketbolçuları üzə çıxarmaq, basketbol üzrə muxtar respublika yığmasını müəyyənləşdirmək üçün cari ildən başlayaraq ilk dəfə basketbol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatı keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil ediləcək çempionatın əsasnaməsinə əsasən, birincilik dairəvi üsulla iki mərhələdən ibarət olacaq. Çempionatın ilk dövrəsi martın 15-də başlayacaq və iyunun 8-nə kimi davam edəcək. Bundan sonra komandalar istirahətə yollanacaq və ikinci dövrəyə sentyabrın 27-də start veriləcək. Reqlamentə uyğun olaraq, çempionat dekabrın 27-də başa çatacaq və qalib müəyyənləşəcək. Naxçıvan Muxtar Respublikasının şəhər, rayon və klub komandalarından ibarət 16 yaşdan yuxarı və həkim müayinəsindən keçmiş oyunçuların dəvət olunacağı çempionatda komandaların tərkibi 12 basketbolçu, 1 məşqçi və 1 hakimdən ibarət olmalıdır. Həmçinin komandalar basketbol qaydalarına uyğun nömrələrlə (4-15) meydana çıxmalıdırlar.
Ceyhun Məmmədov