Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Babək rayon birinciliyi keçirilib.
Nehrəm kənd 3 nömrəli tam orta məktəbdə keçirilən yarışda rayonun Nehrəm, Payız, Qaraqala, Zeynəddin, Şıxmahmud və Cəhri kənd məktəblilərindən ibarət komandalar birincilik uğrunda mübarizə aparıblar. Babək Rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən yarış Xocalıda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Babək Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanlı tədbiri açaraq Xocalı faciəsi barədə danışıb. Yarışın qaydaları haqqında idmançılara məlumat verən Füzuli Salmanlı onlara uğurlar arzulayıb.
15 kiloqram çəki dərəcəsində 120-dən çox idmançının iştirak etdiyi birincilikdə Şıxmahmud kənd məktəbliləri IV, Cəhri kənd məktəbliləri III, Zeynəddin kənd məktəbliləri II, Nehrəm kənd məktəblilərinin komandası isə I yerlərə layiq görülüblər.
Sonda qalib komandalar Babək Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin diplomları ilə təltif ediliblər.
Ceyhun MƏMMƏDOV