Dünən Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında Duzdağ yolunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş 3 kilometr məsafəyə kross qaçışı üzrə Naxçıvan şəhər turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirin açılışından öncə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək Xocalı faciəsi barədə idmançılara ətraflı məlumat verib.
Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov iştirakçılara uğurlar arzulayıb.
100-dən çox kursantın mübarizə apardığı turnirdə ilk üç pilləni Əkbər Rəhimov, Bürhan Tağıyev və Tuncay İmanov tutublar.
Fərqlənən kursantlar Yüngül Atletika Federasiyasının hədiyyələri və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV