Ötən həftə start verilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin ən güclü dəri əlcək sahiblərinin mübarizəsində naxçıvanlı boksçular da qüvvələrini sınayıblar.
Hövsan Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə bütün diqqətlər ötən ay kişilər arasında keçirilən ölkə çempionatının qalibi olan və Avropa Oyunlarına vəsiqə qazanan Tayfur Əliyevə yönəlmişdi. Bu dəfə 56 deyil, 60 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz hakimlərin “səyləri” nəticəsində həlledici qarşılaşmada məğlub olub, daha dəqiq desək, rəqibinə bütün səylər qarşılığında uduzdurulub. Belə ki, həlledici qarşılaşmaya kimi 4 rəqibini açıq üstünlüklə məğlub edən Tayfur Əliyev finalda “Rabitə” klubunun idmançısı Elməddin İsmayılovla üz-üzə gəlib. Görüşün ilk raundunda rəqibini naqdaun vəziyyətinə salan boksçumuz ikinci raundda da tam üstün mübarizə nümayiş etdirməsinə və rəqibin xəbərdarlıq almasına baxmayaraq, hakimlərin “qərarı” rəqibin lehinə olub. Bununla kifayətlənməyən “ədalət” təmsilçiləri üçüncü raundda Tayfur Əliyevin zərbəsindən sonra Elməddin İsmayılovun düşən kapasına (dişliyinə) belə, göz yumublar. Nəticədə, uduzdurulan boksçumuz gənclər arasında keçirilən ölkə birinciliyini gümüş medalla başa vurub. Həmyerlimiz bu birinciliyi qızıl medalla başa vuracağı təqdirdə Azərbaycan boks tarixində bir ilkə imza atacaqdı ki, hakimlər buna “imkan yaratmadılar”.
91 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Orucov da gümüş medal qazanıb. Ən yaxşı nəticəni isə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev göstərib. O, həlledici qarşılaşmada “Neftçi” idman cəmiyyətinin boksçusu İbrahim İmanovu tam üstünlüklə məğlub edərək Azərbaycan birinciliyinin qalibi olub. Bununla Sərxan Əliyev noyabr ayında Polşada keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak etmək hüququ qazanıb.
Bu nəticələrdən sonra Naxçıvan komandası ölkənin ən güclü 3 komandasından biri kimi təltif olunub. 33 komanda arasında komandamız yalnız “Rabitə” və “Gilan”dan geri qalıb.
Boksçularımızla yanaşı, Azərbaycan birinciliyində Naxçıvanı hakim kimi Naxçıvan Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev təmsil edib.
Ceyhun MƏMMƏDOV