İnsanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşayiət olunur. Bu hərəkəti ifadə etməklə qarşındakı fərddə təşviş, həyəcan yaratmaq mümkündür. Fransız pedaqoq Fransua Delsart hərəkət vərdişləri nəzəriyyəsini hazırlayarkən kütləvi gimnastika çıxışlarının da əsasını qoymuş oldu. Düzdür, o zamanlar sərbəst plastika hərəkətlərinin üzərində qurulmuş rəqslər və improvizasiyalar müasir bədii gimnastikadan bir qədər fərqli idi. Lakin prinsipcə və ideyaca eyni olan bir idman növünün yaranışı məhz bundan başlayır.
Bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayan bədii gimnastika dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların yerinə yetirilməsidir. Eyni zamanda bu təmrinlər elastiklik, çeviklik, gözəl bədən quruluşu, cəlbedici və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə də şərait yaradır.
Muxtar respublikada bu gün digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Bu gün muxtar respublikada gimnastika özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bədii gimnastikanın kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Artıq bir ildən çoxdur ki, davam edən bədii gimnastika məşqlərində indi muxtar respublikanın şəhər və rayonlarından 50-yə yaxın uşaq iştirak edir. Məşqçi-müəllim, Azərbaycanın idman ustası Humay Qafarova ilə söhbətimiz də məhz bu yöndə oldu: “Dünya idmanında elit idman növü kimi tanınan bədii gimnastikanın inkişafına muxtar respublikada diqqət göstərilməsi sevindirici haldır. Mənim özüm də bu idman növünün sirlərini ilk dəfə Naxçıvanda öyrənmişəm. Qısa vaxtda yaranmasına baxmayaraq, bu növə maraq olduqca çoxdur. Xüsusilə valideynlər uşaqlarının bu növə yiyələnməsi üçün səylə çalışırlar. Ümumiyyətlə, bədii gimnastika ilə 3-11 yaş arası qızlar məşğul olurlar ki, bizim də məşqlərimiz məhz bu yaşlı qızlarla aparılır”.
Bu növün inkişafı üçün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi bir sıra addımlar atıb. İlk növbədə, bu yaşda (3-11 yaş arası) olan qızlarımızı bədii gimnastikaya cəlb etmək üçün bağçalara, məktəblərə afişalar vurulub. Təbii ki, bir idman növünün kütləvi hal alması üçün bu cür piarlar aparmaq alqışalayiq haldır. Əvvəllər məşqlər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində aparılsa da, sonradan məşq yeri dəyişdirilib. Bunun səbəbi isə bu növə müraciət edənlərin sayının çoxluğu ilə əlaqədardır. İndi bədii gimnastika məşqləri Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasının zalında aparılır. Daha dəqiq desək, bura artıq bədii gimnastların ixtiyarına verilib. “Bizim məqsədimiz bu idman növünü muxtar respublikada geniş yaymaq və daha çox uşaq cəlb etməkdir. Gənclər və İdman Nazirliyi ilə birlikdə işlərə başlamışıq və bizə yeni zal verilib. Burda günün, demək olar ki, çox hissəsi məşqlərə ayrılır. Tədris planı ilə üst-üstə düşməsin deyə, məşqlərimiz günün ikinci yarısının hər saatında aparılır. İnanıram ki, qısa vaxt ərzində bədii gimnastika Naxçıvanda ən çox sevilən idman növü olacaq və gördüyümüz işlər bəhrəsiz qalmayacaq”. Humay Qafarova belə deyir.
Məşqçi-müəllim sonda yaradılan şəraitə görə minnətdarlığını bildirdi: “Muxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğı Naxçıvanda idmanın inkişafını sürətləndirir və uşaqların, yeniyetmələrin, gənclərin bu sahəyə axınını təmin edir. Digər növlər kimi, bədii gimnastikanın da qısa vaxt ərzində sürətli inkişafı məhz bu diqqətin səmərəli nəticəsidir. Yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk”.
Ceyhun MƏMMƏDOV