Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində 26 fevral – Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş yeniyetmələr (1998-2000-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış Xocalıda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açaraq Xocalı faciəsi barədə idmançılara məlumat verib. Məktəbin direktoru Yaşar Səfərov yarışın qaydaları haqqında idmançıları məlumatlandırıb və uğurlar arzulayıb.
Birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur rayon idmançıları da öz qüvvələrini sınayıblar. 9 çəki dərəcəsində 70-ə yaxın idmançının iştirak etdiyi birinciliyin nəticəsinə əsasən, Ümid Əliyev (42 kq), Ramin Qubuşov (46 kq), Kənan Kərimov (50 kq), Ərkal Məmmədov (54 kq), Murad Quliyev (58 kq), Əbülfəz Məmmədov (63 kq), Rauf Qurbanov (68 kq), Novruz Ağazadə (76 kq), Sərxan Əliyev (85 kq) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda hər çəki dərəcəsində yer tutmuş idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Ceyhun MƏMMƏDOV