Ötən həftə Bakı şəhərində keçirilən Daxili İşlər Nazirliyinin (DİN) güc çoxnövçülüyü üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkənin DİN “İdman” cəmiyyətləri idmançılarının mübarizə apardığı birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da iştirak ediblər. Yeddi idmançı ilə paytaxta yollanan qanun keşikçisi idmançılar 8 medal qazanıblar. Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin verdiyi məlumata görə, ən uğurlu nəticəni +90 kiloqram çəki dərəcəsində Emil Əsədov qazanıb. O, ağırlıqqaldırmada bütün rəqiblərini geridə qoyub və qalib adına layiq görülüb. Bu növdə Rəşad Həsənov (65 kq), Elvin Eyvazov (70 kq), Orxan Babayev (75 kq), İlkin Məmmədov (80 kq) ikinci, Cavanşir Yaqubov (85 kq) isə üçüncü olub. +90 kiloqram çəki dərəcəsində Əli Quliyev armrestlinq (qol gücü) yarışında üçüncülüklə kifayətlənib.
70 kiloqram çəki dərəcəsində gümüş medal qazanan Elvin Eyvazov həm də qol gücü yarışında bürünc medal mükafatçısı olub.
Sonda mükafatçılara diplom və medallar təqdim edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinə idmançıların uğurlu çıxışına görə xüsusi diplom verilib.
Ceyhun MƏMMƏDOV