22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı hər keçən ay daha geniş vüsət alır və bu inkişaf qazanılan uğurlarda özünü göstərməkdədir. Artıq muxtar respublikanın şəhər və rayonlarında bu sahənin kütləviləşməsi üçün müəyyən addımlar atılır, uşaqlar, yeniyetmə və gənclər idmana cəlb olunur, yeni-yeni idman obyektləri istifadəyə verilir. Uğurlu idman siyasətinin nəticəsi olaraq, Naxçıvan bir çox beynəlxalq turnirlərə ev sahibliyi etməklə yanaşı, həm də digər ölkələrin idman ictimaiyyəti ilə tərəfdaşlıq edir. Təbii ki, bu, muxtar respublika rəhbərinin idmana və idmançılara göstərdiyi qayğı və diqqətin nəticəsidir.

Özünü isbat etmiş teorem

2015-ci ilin ilk ayı Naxçıvanda keçirilən yarışlar, turnirlər bir daha bunu sübut edir ki, muxtar respublika idmanı gündən-günə inkişaf etməkdədir və qazanılan uğurlar naxçıvanlı gənclərin də idmana nə dərəcədə bağlı olduqlarını göstərir. Yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin muxtar respublikanın şəhər və rayon Gənclər və İdman idarələri tədbirlər planına əsasən, idmanın kütləviliyi və insanların bu sahəyə cəlb edilməsi üçün bir çox yarışlar, turnirlər və tədbirlər təşkil edib.

“Kütləvi idmana nail olmaq üçün, ilk növbədə, fərdi növü inkişaf etdirmək vacib amildir” – bu deyim artıq Avropada özünü isbat etmiş teoremdir. Yanvar ayını məhz Naxçıvanda idmanın fərdi növlərinə diqqət kimi səciyyələndirmək olar. Təsadüfi deyil ki, geridə qoyduğumuz ay ərzində muxtar respublikanın şəhər və rayonlarında 20-yə yaxın yarış keçirilib ki, bunun da əksəriyyətini fərdi idman növləri təşkil edir. Ötən ay eyni zamanda Naxçıvan idman tarixinə qızıl hərflərə yazıldı. Belə ki, 8-14 yanvar tarixlərində Bakı şəhərində keçirilən kişilər arasında boks üzrə Azərbaycan çempionatında idmançımız Tayfur Əliyev qızıl medal qazanaraq “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək hüququ əldə etdi.
Gənclər və İdman Nazirliyi ilə yerli federasiyaların birgə təşkil etdiyi yarışlar daha çox 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. İlk belə yarış Babək rayonunda keçirilib və karateçilər tatami üzərində kimin güclü olduğuna aydınlıq gətirməyə çalışıblar. Şahbuz rayonunda isə 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar şahmat üzrə rayon turniri keçirilib. Ümumiyyətlə, yanvar ayında digər idman növlərindən fərqli olaraq, zəka sahiblərinin yarışı daha çox təşkil edilib. Belə ki, bu ərəfədə Sədərəkdə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında birincilik, Şərur və Culfada məktəblilər arasında rayon birinciliyi, Ordubadda 2 fevral – Gənclər Gününə həsr olunmuş 12 yaşadək şahmatçılar arasında rayon birinciliyi keçirilib. Ayın son günündə isə analoji turnir Naxçıvan şəhərindəki Şahmat Mərkəzində təşkil olunub.
Güc idman növləri üzrə yanvar ayında Şərur rayonunda kikboksinq üzrə rayon birinciliyi baş tutub. Bu birincilikdə 10 çəki dərəcəsi üzrə 40 idmançı qüvvəsini sınayıb. Gənc­lər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi daha bir turnir yanvarın 17-nə təsadüf edir. Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətində keçirilən yeniyetmələr arasında taekvando üzrə Naxçıvan şəhər birinciliyində 100-ə yaxın idmançı tatami üzərinə çıxıb. 20 Yanvar faciəsinə həsr olunmuş daha bir Naxçıvan şəhər birinciliyində yeniyetmə cüdoçular öz məharətlərini nümayiş etdiriblər. Culfa rayonunda isə yeniyetmə və gənc yüngül atletlər 1500 və 3000 metr məsafəni birinci qət etməyə çalışıblar.

Yaddaşlara həkk olunan ay

İlin ilk ayı muxtar respublikanın idman ictimaiyyəti Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə ilk dəfə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının tanıtım mərasiminə şahidlik etdi. Tanıtımda Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri, həmçinin rayonların idman məktəblərinin idmançıları iştirak etdilər. Tədbirin məqsədi məktəbli şagirdlərə cari ilin iyun ayında birinci dəfə olaraq ölkəmizdə təşkil olunacaq Avropa Oyunları barədə məlumat vermək və onlarda idmana maraq oyatmaq idi.
Yuxarıda da qeyd etdiyimiz kimi, geridə qoyduğumuz ay daha çox fərdi idman növləri üzrə keçirilən yarışlarla yadda qaldı. Lakin bu, o demək deyil ki, idmançılarımız kollektiv idman növlərinə üstünlük verməyiblər. Sədərək və Babək rayonlarında 20 Yanvar faciəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin komandaları arasında voleybol turnirləri təşkil olunub ki, yarışlarda 200-dən çox voleybolçu iştirak edib. Şərur rayonunda bu ənənəni basketbolçular davam etdiriblər. Yanvarın 16-da isə Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin komandaları arasında stolüstü tennis üzrə şəhər birinciliyi keçirilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR