Fevral ayının 16-17-də Bakı şəhərindəki Hövsan Olimpiya İdman Kompleksində Dünya Karate Konfederasiyasının növləri üzrə Azərbaycan Karate-do Federasiyasının təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı keçirilmişdir. 350 idmançının qatıldığı çempionatda muxtar respublikamızın 10 nəfərdən ibarət komandası da iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələrindən kontakt karate üzrə 16 yaş qrupunda yarışan Mircavid Seyidov ən yüksək nəticəni göstərərək qızıl medala sahib olmuşdur. Digər idmançılarımızdan 18 yaşdan yuxarı, 14-15, 11 yaş qruplarında tatamiyə çıxan İlkin Şirinov, Xəzər Əliyev və Həşim Nuriyev finalaqədərki görüşlərini uğurla başa çatdırmışlar. Lakin həlledici döyüşlərdə təmsilçilərimiz üstünlüyü əldən verərək ikinci yerlərə layiq görülmüşlər. Çempionatda karatenin iki növündə mübarizə apararaq kontakt karate üzrə qalib olan Mircavid Seyidov karatenin şotokan növü üzrə yarışlarda ikinci yerə layiq görülmüşdür. Yarışda 12 və 18 yaşdan yuxarı yaş qruplarında qüvvələrini sınayan Əkrəm Nəcəfov ilə Samir Sarıyev isə üçüncü yerləri tutmuşlar.
Beləliklə, muxtar respublikamızın idmançıları Dünya Karate Konfederasiyasının növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatından 1 qızıl, 4 gümüş və 2 bürünc medalla qayıtmışlar. Yarışda fəxri yerləri tutan karateçilərimizə diplom və medallar təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti