Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə şahmat üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şahmat Mərkəzinin birgə təşkil etdiyi yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Gənclər Günü haqqında geniş məlumat verib. Sonra Şahmat Mərkəzinin direktoru Emin Hacıyev çıxış edərək yarışın qaydaları haqda məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Reqlamentə əsasən, yarış 6 yaş qrupunda İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub. Birincilik uğrunda isə 80-ə yaxın zəka sahibi qüvvəsini sınayıb. Nəticəyə əsasən, oğlanlar arasında Amil Rzalı (8 yaş), Vahid Həsənli (10 yaş), Rasim Hüseynov (11 yaş), Renal Hacıyev (12 yaş), qızlar arasında isə Nazlı Hümbətova (10 yaş) və İlkanə Allahverdiyeva (12 yaş) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda uğur qazanan zəka sahiblərinə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Ceyhun MƏMMƏDOV