Azərbaycanda idmanın bir çox növlərinin yaranma tarixi çox-çox qədimlərə gedib çıxır. Qədim yazılı abidələrə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə söykənərək demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizəatma, atçapma, çovqan, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma, şahmat və digər idman növləri geniş yayılmışdır. Bu idman növləri zaman keçdikcə daha da püxtələşərək professional idman növlərinə çevrilmişdir. Təbii ki, bu prosesdə dövlətin idmanın inkişafına qayğısını xüsusi qeyd etmək lazımdır. Xüsusilə bu sahənin gənclər arasında geniş yayılması idmanın kütləviləşməsi üçün əsas nüanslardan biridir.
Artan maraq
İdman sahəsində uğur qazanmaq, gələcək karyerasını peşəkar səviyyədə qurmaq istəyən yeniyetmə və gənclər məşğul olmaq istədikləri idman növünə müəyyən olunmuş yaşlardan başlamalıdırlar. Bunun üçün də onları bu sahəyə həvəsləndirmək əsas şərtdir. Bəs uşaqları idmana həvəsləndirmək, bu sahəyə marağı artırmaq üçün hansı yollardan istifadə etmək lazımdır?
Görkəmli idman mütəfəkkirləri, pedaqoqlar yetişməkdə olan nəslin mənəvi kamilliyində, fiziki yetkinliyində idmanın kollektiv növlərinin, xüsusən oyunların müstəsna əhəmiyyətə malik olduğunu dəfələrlə qeyd ediblər. Bunun üçün keçirilən oyunların yeri və şəraiti də buna cavab verməlidir. Əks təqdirdə, bu sahənin seçimində tərəddüd yaranar. Həmçinin keçiriləcək tədbirlər zamanı gigiyena məsələsinə də xüsusi diqqət ayrılmalıdır.
Aparılan araşdırmalardan sonra məlum olub ki, uşaqları idmana cəlb etməyin ən asan yolu onlara bu sahəni əyləncəli oyunlarla sevdirməkdir. Məsələn, hər kəsə məlumdur ki, üzgüçülük uşaqların sağlamlığında, hərtərəfli fiziki inkişafında olduqca böyük rol oynayır. Məhz buna görə uşaqların çimərliklərə getmələrinə, üzgüçülüklə, müxtəlif su idmanı növləri ilə məşğul olmalarına çalışılmalı, məktəbdə və yay düşərgələrində bu idman növü barədə onlara geniş məlumat verilməlidir. Digər tərəfdən, uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarından biri də təbiətin qoynunda təmiz və mənzərəli yerlərdə gəzintilərdə olmaqdır. Muxtar respublikamızda mənzərəli və səfalı yerlərin sayı çoxdur, onların əksəriyyətində belə düşərgələr təşkil etmək mümkündür. Bu cür tədbirlər, yürüşlər təkcə uşaqların və yeniyetmələrin sağlamlığına, fiziki inkişafına müsbət təsir göstərmir, eyni zamanda onların mənəvi tərbiyəsinin inkişafında da mühüm rol oynayır.
Ailənin rolu
Uşağın sağlamlığı və fiziki inkişafının əsası, təməli ailədə qoyulur, onun fiziki inkişafı ailədə təşəkkül tapır. Ailədə əsası düzgün qoyulmuş fiziki tərbiyə uşaq və yeniyetmələrin fiziki hazırlığını yüksəltməklə, sağlamlığını möhkəmlətməklə yanaşı, onların təhsilinə, ictimai fəallıqlarına da müsbət təsir göstərir. Bu baxımdan uşaqların idmana həvəsləndirilməsi yolları, ailənin fiziki tərbiyə ilə bağlı tutduğu mövqe gündən-günə yenilənməlidir. Ümumiyyətlə, uşaqlarla aparılan tərbiyə işlərinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü həyata keçirilməsindən asılıdır.
İdman həm də orqanizmin, bədənin fiziki baxımdan tərbiyəsi üçün edilməlidir. İnsan hansı yaşda idmana başlayarsa, mütləq sağlamlıq müayinəsindən keçməlidir. Ortopedik və travmatoloji mütəxəssislər müəyyən ediblər ki, məşq edən insanın əzələ və skelet sisteminin seçilən idmanı etməyə uyğun olub-olmadığı özünü 3-6 aydan sonra büruzə verir ki, bu da böyük fəsadlar yarada bilər. Mütəxəssislərin fikrincə, yaşına və fiziki qabiliyyətinə uyğun idman fəaliyyəti uşaqların sağlam bir həyat yaşayacaqlarının qarantıdır. Məsələn, ailələr 14 yaşından kiçik uşaqların ağırlıq tələb edən idman növləri ilə məşğul olmalarına icazə verməməlidirlər. Çünki əzələ qüvvətindəki ən böyük artım oğlanlarda 6-8, 13-14, qızlarda isə 4 və 9 yaşlarında daha sürətli olur. Bu dövrlərdə xüsusi qüvvə tələb edən məşqlər qəti şəkildə edilməməlidir.
Alimlər müəyyən ediblər ki, uşaqlıq dövründə idmana başlayan kəslərlə irəli yaşda idman etməyə başlayanlar arasında fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqlər mövcuddur. Uşaqlıq dövründə edilən idman daha çox oyuna söykənən idman növü olmalıdır. Uşaqlar ağırlığa söykənən idmanla məşğul olmamalıdır. Uşaqlar inkişaf mərhələsində olduğu üçün qüvvət idmanları onlar üçün zərərlidir. Çünki uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkinlərə görə daha azdır.
Uşağın peşəkar idmançı olması əsas hədəfdirsə, əvvəlcə valideyn, həmçinin uşağın özü qarşıdakı yolun çox çətin olduğunu qəbul etməlidir. Yox, əgər məqsəd uşağın peşəkar idmana yönlənməsini təmin etmək deyilsə, o zaman uşaq hər yaşda istədiyi idmana başlaya bilər. Ancaq burda əhəmiyyətli olan uşağa uyğun bir proqramın seçilməsi və xüsusi məşqlərə erkən dövrdə deyil, irəliləyən dövrdə başlanmasıdır.
2-3 yaş. Qaçış və tullanma kimi təməl hərəkətlər etmək mümkündür. Bu səbəbdən qaçma, rəqsetmə, sudaoynama kimi oyunlar icra edilə bilər və təcrübəli insanların müşayiəti ilə gimnastika təhsili almaq olar.
4-6 yaşda rəqs, üzmə, gimnastika, ipatlama və üçtəkərli velosiped sürmək kimi idmanlar idealdır.
7-10 yaş. Gimnastika, futbol, basketbol, voleybol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə istiqamətləndirmək dövrüdür.
10 yaşdan sonra. Əvvəlki yaşlarda başladıqları idman növünü daha mütəşəkkil formada davam etdirmək, atletizm və güləşə başlama yaşıdır. Bir neçə il sonra isə güc tələb edən boks, taekvando və karate ilə məşğul olmaq təhlükəli deyil.
Bu amillərdən də vacib olanı isə valideynlər uşaqların ailə şəraitində fiziki hazırlığını artırmaq məqsədilə onların düzgün inkişafına, gün rejiminə, normal qidalanmalarına, yuxu və səmərəli istirahətlərinə diqqət yetirməlidirlər. Bütün bunların təlim və tərbiyə prosesinin, uşaqların bədən tərbiyəsi və idmana həvəsləndirilməsi yollarının müvəffəqiyyətlə həyata keçirilməsində böyük əhəmiyyəti var. Deməli, uşaqların idmana cəlb edilməsinə xidmət edən amillərdən biri ailədə bədən tərbiyəsi və idman mühitinin yaradılmasıdır.
Ceyhun MƏMMƏDOV