Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə keçirilən birincilik başa çatıb. Üç gün davam edən birincilikdə yüzdən çox şahmatçı öz bacarığını sınayıb. Yarışın seçmə turu olimpiya sistemi ilə keçirilib. Turun qalibi olan 8 komanda dairəvi sistem üzrə mübarizəni davam etdirib. Bu mübarizədə Naxçıvan şəhərindəki 8 nömrəli tam orta məktəbin komandası birinci, 1 nömrəli tam orta məktəbin komandası ikinci, 5 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerlərə layiq görülüblər.
* * *
Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə birincilikdə 10 komandadan 50 oğlan və qız idmançı iştirak edib. Yekun nəticəyə görə, komanda hesabında Ordubad şəhərindəki 3 nömrəli, 1 nömrəli tam orta məktəblərin və Çənnəb kənd tam orta məktəbinin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.
* * *
Culfa rayonunda cüdo idman növü üzrə birincilik keçirilib. Yarışda 5 çəki dərəcəsində 60-a yaxın idmançı öz qüvvə və bacarığını nümayiş etdirib. Taleh Əsgərov, Abbas Məmmədov, Elşad Məmmədov, Məmməd Məmmədov və Ələkbər Cəfərov birinci yerləri tutublar.
* * *
Şahbuz rayon ümumtəhsil məktəblərinin 5-7-ci sinif şagirdləri arasında “Şən startlar” əyləncəli idman oyunu da yaddaqalan olub. 4 komandanın iştirak etdiyi oyunda şagirdlər 9 mərhələdə – top estafeti, kisədə hərəkət, sualların verilməsi, estafet, kiçik topun hədəfə atılması, maneələrarası topun çilənməsi və digər mərhələlər üzrə mübarizə aparıblar. Gərgin və maraqlı keçən oyunda Qarababa kənd tam orta məktəbinin komandası qalib olub. Şahbuz şəhər və Şahbuzkənd tam orta məktəblərinin şagirdləri isə ikinci, üçüncü yerləri tutublar.
* * *
Sədərək rayonunda keçirilən boks yarışında 5 çəki dərəcəsində 28 idmançı öz qüvvəsini sınayıb. Yarışın yekun nəticəsinə görə, müvafiq çəkilərdə Polad İmaməliyev, Nicat Ağayev, Elvin İbrahimli, Müslüm Tağıyev və Arzuman Tağıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Şahmat üzrə rayon birinciliyində isə 36 idmançı yarışıb. Olimpiya sistemi ilə keçirilən yarışda Vidadi Səlimli birinci, Arzuman Dünyamalıyev ikinci, Nurlan Əlibəyli isə üçüncü yerləri tutublar.
Qaliblərə Gənclər və İdman idarələri, Təhsil şöbələri və Yeni Azərbaycan Partiyası rayon təşkilatları Heydər Əliyev adına Gənclər birliklərinin diplomları və hədiyyələri verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti