Bunun üçün muxtar respublikamızda hər cür şərait yaradılıb
Naxçıvan Muxtar Respublikasında idmanın bütün sahələrinin inkişafı üçün geniş imkanlar yaradılıb. Yeniyetmə və gənclərin bu sahəyə istiqamətlənməsi üçün muxtar respublikada idman kompleksləri, futbol meydançaları və idman zalları istifadəyə verilib. Təbii ki, idman sahəsində müasir infrastrukturun yaradılması, idmanın inkişafı və idmançılarımızın beynəlxalq arenalarda uğur qazanması muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir.
“İdman bir ölkəni dünya arenasında tanıdan ən uğurlu siyasətdir”. Bu deyim müasir idmanda məşhur şüar kimi idmançıların ölkələrini layiqincə təmsil etmək üçün onlara verilən əlavə motivasiya xarakteri daşımaqdadır. Son illər Azərbaycan bayrağının dünyanın müxtəlif arenalarında dalğalanması ölkə başçısının idman sahəsində apardığı uğurlu siyasətin bariz göstəricisidir. Naxçıvan Muxtar Respublikası aparılan bu uğurlu siyasətdə daim müstəsna rol oynamışdır. İdmançılarımızın Azərbaycan yığmalarına dəvəti muxtar respublikada bu sahənin artıq tam püxtələşdiyindən xəbər verir.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman obyektlərindən biri də Üzgüçülük Mərkəzidir. Qapıları daim üzgüçülük həvəskarlarına və bu sahənin idmançılarına açıq olan mərkəzdə üzgüçülüyün sirlərini öyrənmək üçün hər cür şərait yaradılıb. Artıq bu aydan başlayaraq bura sıravi insanların da axını diqqətdən yayınmır. İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin direktoru Ramin Talıbovla söhbətimizdə bu idman növünə olan marağın səbəblərini öyrənməyə çalışdıq: “2002-ci ildən etibarən İlham Əliyev adına Olimpiya-İdman Kompleksi fəaliyyətə başlayıb. Üzgüçülük Mərkəzi isə 2004-cü ildən idmançıların, Naxçıvan sakinlərinin ixtiyarına verilib. Artıq yay mövsümü başlayır və mərkəzə müraciət edənlərin də sayı artmaqdadır. Bizim məqsədimiz üzgüçülüklə məşğul olmağa gələn insanların rahatlığını təmin etməkdir. Ayın əvvəlindən başlayaraq bu idman növünə olan maraq da xeyli artıb”.
Müsahibim Üzgüçülük Mərkəzində fəaliyyət göstərən qruplar haqda da məlumat verdi. Bildirdi ki, hazırda Üzgüçülük Mərkəzində iki qrup fəaliyyət göstərir. Həftənin 3 günü qadınlar qrupu, digər günlərdə isə kişilər qrupu mərkəzin xidmətlərindən yararlanırlar. Bununla yanaşı, 3 müəllimimiz bura gələn insanlara üzməyi öyrədir: bunların ikisi kişi, biri qadındır. Bu il mərkəzə müraciət edən qadınların sayı artıb.
Təbii ki, üzgüçülüyə marağın artmasının əsas səbəbi mərkəzdə yaradılan şərait və təmizlikdir. Kompleksin direktoru Üzgüçülük Mərkəzinin su sisteminin daim yeniləndiyini vurğuladı: “Gün ərzində mərkəzin hovuzunda 10 ton su 3 filtr vasitəsilə yenilənir və hovuz daim təmiz olur. İnsanların mərkəzə axın etməsinin səbəbi bilavasitə burda yaradılan yüksək şəraitlə əlaqədardır. Həmçinin idmançıların və digər insanların həyati təhlükə ilə üz-üzə qalmaması üçün xilasedicilər də var. Onlar hər zaman burda olur və hovuzda olanları daim diqqətdə saxlayırlar”.
Sonda Ramin Talıbov yaradılan bu şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirərək dedi: “İdman sahəsində əldə edilən uğurların hamısı Naxçıvan Muxtar Respublikasında idmana göstərilən qayğının nəticəsidir. İdmanın inkişafı üçün yaradılan şəraitdən maksimum yararlanmağa çalışmalıyıq”.
Ceyhun MƏMMƏDOV