Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş yeniyetmələr arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparıb. “A” və “B” qruplarının hər birində 4 komanda olmaqla keçirilən yarışın reqlamentinə əsasən, qrup mərhələsini lider kimi başa vuran komandalar finala vəsiqə qazanıblar. İkinci pillənin sahibləri isə üçüncü yer uğrunda mübarizə aparıblar.
“A” qrupunda bütün rəqiblərini üstələyən Naxçıvan şəhərinin komandası “B” qrupunun lideri Ordubad komandası ilə finalda üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən Naxçıvan komandası 72:45 hesablı qələbə ilə turnirin qalibi adını qazanıb. Üçüncülük matçında isə “Lokomotiv” komandası culfalı həmkarlarından üstün olub – 35:28.
Sonda qalib komanda kubok, diplom və qiymətli hədiyyələr, digər iki pillənin sahibləri isə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV