Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş basketbol üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika turnirinə dünən start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi turnir 3 gün davam edəcək.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Ənvər Məmmədov turnirin açılış mərasimində çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra meydan basketbolçuların ixtiyarına verilib.
Mayın 22-də final qarşılaşması keçiriləcək turnirdə 8 komanda 2 yarımqrupda çıxış edir. “A” qrupunda Naxçıvan, Culfa, Şərur və Şahbuz basketbolçuları, “B” qrupunda isə Ordubad, Sədərək, Babək və Naxçıvan şəhərinin “Lokomotiv” komandaları birincilik uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, turnirin qalibi olacaq komandaya kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq. İkinci və üçüncü yerlərin sahibləri isə federasiya tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Ceyhun MƏMMƏDOV