22 Dekabr 2024, Bazar

15-17 may tarixlərində Şərur rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi layihənin təqdimatı olmuşdur. Bu müddətdə fiziki tərbiyə müəllimləri və uşaqlar üçün təlim keçilmişdir. Təlim zamanı Şərur rayonunun 8 nəfər fiziki tərbiyə müəlliminə Realmadrid Fondunun təqdim etdiyi təlim proqramı öyrədilmişdir. Təlim və təlim-məşq “Vətən” Sosial Futbol Məktəbinin məşqçisi Namiq Allahverdiyev tərəfindən həyata keçirilmişdir.

Mayın 18-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi “Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası” adlı layihə çərçivəsində yaradılan Realmadrid Futbol Məktəbinin bölməsi fəaliyyətə başlamışdır. Bu münasibətlə Şərur rayonundakı Olimpiya-İdman Kompleksində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov son illər muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan danışmışdır.

Nazir bildirmişdir ki, 18 mart 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən futbolun inkişafı istiqamətində konkret vəzifələr müəyyənləşdirilmiş, “Araz-Naxçıvan” futbol komandasının yenidən formalaşdırılması barədə tapşırıqlar verilmişdir. Bundan sonra “Araz-Naxçıvan” böyük futbola qayıtmış və futbol üzrə Azərbaycan çempionatının birinci divizionunun 2013-2014-cü illər mövsümünün qalibi olmuşdur. Bu həmçinin muxtar respublikada futbolun kütləviliyinə, bu idman növünə marağın artmasına səbəb olmuşdur. Artıq bütün rayonlarda futbol bölmələrinə uşaq və yeniyetmələr cəlb edilmiş, onlar arasında seçim işlərinin aparılması yekunlaşdırılmışdır. Belə ki, bu yaxınlarda məhz bu stadionda 12, 13, 14, 15 yaşlı uşaqlar arasında ölkə çempionatının zona birinciliyi keçirilmişdir. Qalib komandalar Azərbaycan çempionatında muxtar respublikanı təmsil etmişlər. Bu tədbirlərin davamı kimi, bu gün muxtar respublikada Realmadrid Futbol Məktəbinin bölməsi fəaliyyətə başlayır. Bu, çox əhəmiyyətli hadisədir. Belə ki, məktəbdə uşaqlarla peşəkar məşqçilər xüsusi proqramla məşqlər keçəcəklər. Bu isə, öz növbəsində, peşəkar futbolçuların yetişməsinə müsbət təsir göstərəcəkdir.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov belə bir sosial məktəbin Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlamasını əlamətdar hal kimi dəyərləndirərək demişdir ki, bir çox gənc, futbola həvəsi olan uşaq və yeniyetmələr Realmadrid Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində açılan məktəbdə futbolun sirlərini öyrənəcəklər. Burda hər cür şərait yaradılmış və uşaqların püxtələşməsi üçün bütün avadanlıqlar mövcuddur. Naxçıvanda idman gündən-günə inkişaf etməkdədir və qarşıdakı illərdə idmançılar beynəlxalq arenalarda daha böyük uğurlar qazanacaqlar. Bu məktəbin Şərurda fəaliyyət göstərməsinə köməklik edənlərə minnətdarlığımızı bildiririk.
Çıxışlardan sonra bölmədə futbolun sirlərini öyrənəcək uşaqlara forma və toplar hədiyyə olunmuşdur.
Sonra bir qrup 6-17 yaşlı uşaqlara təlim-məşq keçilmişdir.
Sonda valideynlərə, uşaqlara və fiziki tərbiyə müəllimlərinə layihə haqqında məlumat verilmiş və 6-17 yaşlı bir qrup uşaq seçilərək qrup yaradılmışdır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR