İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş voleybol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirin qalibi Sədərək komandası olub.
8 komandanın dairəvi sistem üzrə 2 yarımqrupda mübarizə apardığı yarışda Babək, Sədərək, Culfa və Şahbuz voleybolçuları növbəti mərhələyə adlarını yazdırmışdılar. Bu mərhələdə daha yaxşı təsir bağışlayan Sədərək və Babək komandaları finalda qarşılaşdılar. İlk olaraq meydana 3-cü yer uğrunda mübarizə üçün Culfa və Şahbuz komandaları çıxdılar. 3:1 hesabı ilə qələbə qazanan culfalılar turniri üçüncü pillədə başa vurdular. Final qarşılaşmasında isə Sədərək təmsilçiləri 3:0 hesabı ilə rəqibini üstələməyi bacardılar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim olundu.
Xəbərlər şöbəsi