22 Dekabr 2024, Bazar

Qədim oğuz-türk yurdu olan Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının uğurla başa çatması muxtar respublikada idmanın dünya standartları səviyyəsinə qaldırılmasının çox mühüm göstəricisidir.

Hələ 2003-cü ildə Naxçıvan şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatının keçirilməsi bütün dünyada böyük əks-səda doğurmuşdu. O zaman muxtar respublikada sabitlik, yarışların keçirilməsi üçün şərait yaradılmasaydı, dünyanın 36 ölkəsindən gələn şahmatçılar qəbul edilə, yarışın yüksək səviyyədə keçirilməsi təmin oluna bilməzdi. Açığını deyək ki, məhz həyata keçirilən bu tədbirlər muxtar respublikada uşaq, yeniyetmə və gənclərdə “bəşər tarixinin ən qocaman kəşfi” adlandırılan şahmat idman növünə marağı daha da artırdı. Həmin yarış sonrakı möhtəşəm idman tədbirlərinin təməlini qoydu, bu istiqamətdə davamlı xarakter alan tədbirlər şahmatın inkişafına böyük təkan verdi.

Ulu öndər Heydər Əliyevin digər idman növlərinə olduğu kimi, şahmata da böyük diqqət və qayğısı hesabına hələ ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə – ötən əsrin yetmişinci illərində ölkənin hər yerində olduğu kimi, muxtar respublikada da şahmat məktəbləri yaradılmış, buraya ixtisaslı kadrlar cəlb olunmuşdu. Ancaq 1987-ci ildən sonra bu sahə tamamilə unudulmuş, şahmat məktəbləri baxımsız vəziyyətə düşmüşdü. Ulu öndərimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra şahmat məktəbləri üçün yeni binaların tikintisi, mövcud binaların yenidən qurulması işinə başlanılmışdır. Belə mühüm tədbirlərdən biri də 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında Şahmat Federasiyasının yaradılması oldu. Bundan başqa, Naxçıvan şəhərində Şahmat Məktəbi tikilib istifadəyə verildi. Həyata keçirilən quruculuq tədbirləri təkcə Naxçıvan şəhəri ilə məhdudlaşmadı, rayonlarda şahmatın inkişafı üçün müxtəlif tədbirlər reallaşdırıldı. İlk olaraq 2006-cı ilin yanvar ayında Culfa şəhərində Şahmat Məktəbi üçün yeni bina istifadəyə verildi. Elə həmin ilin may ayında bu sevinci yaşayanlar sırasına şahbuzlular da qoşuldular. Şahbuz şəhərində ümummilli liderimizin adını daşıyan prospektdə Şahmat Məktəbi ucaldıldı. Bunun ardınca Şərur rayonunun şahmatçıları da yeni binanın sevincini yaşadılar. Bir ildə muxtar respublikanın üç rayonunda şahmat məktəbləri üçün yeni binaların istifadəyə verilməsi bu sahəyə nə qədər diqqət yetirildiyinin parlaq ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışlarının birində demişdir: “Uşaqların zehni inkişafında şahmatın xüsusi rolu var. Bu oyun onlara birinci olmağı, qalib gəlməyi təlqin edir. Bu, oğlanlar üçün daha çox vacibdir. Ona görə ki, onlar gələcəkdə torpaqlarımızın müdafiəçiləri olacaqlar. Şahmat gənclərdə özünəinam, liderlik keyfiyyətləri aşılayır. Odur ki, muxtar respublikada bu işə xüsusi diqqət yetirilir”.
Bəli, şahmat möcüzəli bir oyundur. Bu idman növü hələ uşaq vaxtından insanda qalib gəlmək əzmini formalaşdırır, insanın zehni inkişafında mühüm rol oynayır. Deyirlər, şahmat formaca oyun, məzmunca incəsənət, bu oyuna yiyələnmə çətinliyinə görə elmdir. Buna görə də şahmatı təkcə idman növü kimi yox, eyni zamanda insan məntiqini zənginləşdirən elm kimi də qəbul etmək lazımdır. Ümumiyyətlə, şahmatın insana aşıladığı müsbət xüsusiyyətlər çoxdur. E.Lasker yazır ki, şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur. Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya həmişə doğruçudur.
Bütün bunlar nəzərə alınaraq, muxtar respublikada şahmatın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə ən müasir avadanlıqlarla təchiz edilmiş Şahmat Mərkəzinin istifadəyə verilməsini də qeyd etməliyik.
Ölkə rəhbəri 2009-cu il mayın 5-də “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalayıb. Dövlət proqramına uyğun olaraq, şahmatın inkişafı istiqamətində muxtar respublikamızda da silsilə tədbirlər görülür. Belə ki, 2011-ci ilin iyul ayında Ordubad rayonunda şahmat məktəbi üçün yeni binanın istifadəyə verilməsi rayon şahmatçılarının böyük sevincinə səbəb olub. 2012-ci ildə “Naxçıvan Open-2012” Beynəlxalq Şahmat Festivalının keçirildiyi ərəfədə Sədərək rayonunda şahmat məktəbi üçün yeni bina istifadəyə verilib. 2013-cü ildə isə bu sevinci Babək rayonunun sakinləri yaşayıblar.
Məhz yuxarıda sadalanan tədbirlər muxtar respublikada beynəlxalq yarış və turnirlərin keçirilməsinə şərait yaradıb. Mütəxəssislərin fikrincə, hər hansı bir ölkədə beynəlxalq yarışlar keçirilərkən 3 əsas meyar nəzərə alınır. İlk növbədə, həmin ölkədə idmanın inkişafı, ikincisi, bu sahədə maddi-texniki bazanın vəziyyəti, üçüncüsü isə təşkilatçılıq. Sevindirici haldır ki, bütün bunlar muxtar respublikada yüksək səviyyədədir. 2003-cü ildə Naxçıvanda 20 yaşa qədər gənc­lər arasında şahmat üzrə dünya çempionatının, bir neçə ildir, Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə keçirilməsi bunu sübut etdi.
Bu günlərdə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarış və Şahmat Mərkəzində keçirilən “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalı da öz möhtəşəmliyi ilə yadda qaldı. İstər güləş, istərsə də şahmat yarışında naxçıvanlı idmançılar uğurlu çıxışlar etdilər. Nəzərə alaq ki, yarışlarda beynəlxalq dərəcəli idmançılar iştirak edirdi. Və yarışlarda idmançılarımızın çıxışları gələcəkdə daha parlaq uğurların qazanılmasına böyük ümidlər yaradır. Müsahib olduğumuz idman mütəxəssisləri də təsdiq etdilər ki, Naxçıvanı bundan sonra daha böyük uğurlar gözləyir. Yəni Naxçıvanda qrossmeysterlər, şahmat ustalarının yetişməsinə şübhə yoxdur.
Bəli, Naxçıvan Muxtar Respublikası sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarış və “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkili ilə nəyə qadir olduğunu bir daha sübut etdi. Bu isə onu göstərir ki, təcavüzkar Ermənistan dövləti Naxçıvanı blokadaya salsa da, bu gün bu blokadanın çətinliklərini regionun sakinləri hiss etmirlər. Naxçıvan inkişaf edir, əminliklə irəliyə doğru addımlayır. Hələ qədim diyarımızı neçə-neçə belə beynəlxalq yarışlar gözləyir…

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR