Dünən Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının doqquzuncu turunun oyunları keçirilib.
IX turdan sonra “C” qrupunda bakılı zəka ustası Kamran Rzazadə birinci, İran şahmatçısı Mani Cahedi ikinci, Naxçıvan şahmatçısı Siyavuş Bağırov üçüncü olublar. “B” qrupunda isə birinci pillədə Bakı Şahmat Məktəbinin yetirməsi Təbriz İdrisov yer alıb. Bu qrupda İsmayıllı şahmatçısı Ramil Cavadov ikinci, Qax rayonundan yarışlara qatılan Pərvanə İsmayılova isə üçüncü yerləri təmin ediblər.
Yüksək reytinqli şahmatçıların yarışdığı “A” qrupunda Rusiya şahmatçısı Boris Savçenko festivalın qalibi adına layiq görülüb. İkinci yerə Azərbaycan şahmatçısı Eltaç Səfərli, üçüncü yerə Boris Savçenkonun həmyerlisi Aleksandr Simonov çıxıblar.
Festivalın qaliblərinin mükafatlandırma mərasimində çıxış edən yarışın baş hakimi Faiq Həsənov qalibləri təbrik edib, turnirin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra festivalın qalibləri mükafatlandırılıblar. Festivalda qruplar üzrə ilk üç yeri tutan idmançılara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənən şahmatçılara kuboklar, pul mükafatları, qiymətli hədiyyələr təqdim edilib.
Festivalın qalibi, qrossmeyster Boris Savçenko yarışın təşkilatçılarına minnətdarlıq edib, Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalını dünya miqyasında keçirilən mötəbər yarışlardan biri kimi dəyərləndirib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov yarışda qələbə qazanan şahmatçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Bununla da, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Səbuhi HÜSEYNOV