Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi turnirə aprelin 26-da start verilmişdi. “Universitet”, “DİN FK”, “Araz-2”, “Babək”, “Batabat”, “Arpaçay”, “Əlincə”, “Sədərək”, “Dübəndi” və “Kəngərli” komandalarının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilib. Final oyununda Naxçıvan Dövlət Universitetinin komandası ilə “Araz-2” komandası qarşılaşıb. Daha baxımlı oyun sərgiləyən tələbələr meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər.
Oyundan sonra Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev və Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov qalib komandanı təbrik ediblər, komandalara gələcək oyunlarda uğurlar arzulayıblar. Daha sonra təltifetmə mərasimi başlayıb. Turnirin qalibi olan Naxçıvan Dövlət Universitetinin komandasına kubok, diplom və qiymətli hədiyyələr verilib. Həmçinin finalda oynamaq hüququ qazanan “Araz-2” komandası da mükafatlandırılıb.
Xəbərlər şöbəsi