Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi birincilikdə 200-ə yaxın idmançı qüvvəsini sınayıb.
Dünən İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yarışın final mərhələsinin açılış mərasimi olub. Federasiyanın sədri Vəli Ələsgərov birinciliyi açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra yarışın bədii hissəsi olub.
Xəbər verdiyimiz kimi, açıq birincilikdə 200-ə yaxın idmançı mübarizə aparırdı. Naxçıvanın “Budokan” və Ordubad komandaları ilə yanaşı, Bakının üç fərqli heyətdən ibarət “Araz” komandası da bu birincilikdə iştirak edirdi.
Yeddi yaş qrupunda keçirilən şotokan üslubu üzrə açıq birincilikdə idmançılar reqlamentə əsasən, 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-17 və 18 yaşdan yuxarı yaş qruplarında mübarizə apardılar. Birinciliyin yekun nəticələrinə görə, öz yaş qrupunda Hüseyn Kərimov, İlqar Tanrıverdiyev, Məcid Zeynalov, Samir Salahov, Abbas Qasımov, Mirpaşa Kərimov və İlkin Şirinov yarışın qalibləri olublar. Həmçinin bu növdə tamaşaçılar qızların da mübarizəsinə şahidlik etdilər. 18 yaşdan yuxarı yaş qrupunda Gülay Abdullayeva bütün rəqiblərini məğlub edərək turnirin baş mükafatını qazandı.
Kontakt-karate üslubu üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyində isə idmançılar 8-9, 10-11, 12-13, 14-15, 16-17 və 18 yaşdan yuxarı yaş qruplarında öz qüvvələrini sınadılar. Birincilikdə Vüsal Sadiqov, Ələkbər Allahverdiyev, Samir Salahov, Zahid Ağaverdiyev, Fərid Cəfərov və Sərxan Seyidov bütün rəqiblərinə qalib gələrək yarışın qalibi adını qazandılar.
Komanda hesabında isə Naxçıvan şəhərinin “Budokan” komandası birinci, Bakı şəhərinin “Araz” komandası ikinci, Ordubad komandası isə üçüncü oldu.
Sonda qaliblərə diplom, medal, kubok və hədiyyələr təqdim edildi.
Ceyhun MƏMMƏDOV