Futbol üzrə Azərbaycan I divizionunun 29-cu turunda “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə İmişlinin “Mil-Muğan” komandasını qəbul etdi. Artıq çempionluğu ötən turdan təmin edən qırmızı-ağlar bu görüşə, sadəcə, formal xarakterli oyun kimi yanaşırdı.
“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev hər zaman olduğu kimi, yenə də meydana buraxdığı heyətlə hamının təəccübünə səbəb oldu. Cəzası başa çatan Bəxtiyar Soltanovu ehtiyatda əyləşdirən baş məşqçi əvəzində hücum xəttini son 4 oyunda olduğu kimi, David-Tərlan-Elmin triosuna tapşırmışdı. Azərbaycan milli komandasına da dəvət olunan qapıçımız Emil Balayev, həmişəki kimi, qapıdakı mövqeyini almışdı. Müdafiə xəttində Ruslan-Tural-Ruslan-Əlimirzə tandeminə üstünlük verən baş məşqçi yarımmüdafiə xəttində bu dəfə Elgiz-Akif-Eşqin üçlüsünü meydana buraxmışdı. Qələbə seriyasını davam etdirmək istəyən və mövsümü maksimum xalla başa vurmaq niyyətində olan Əsgər Abdullayevin komandası sonda istəyinə nail oldu.
Oyun, demək olar ki, komandamızın üstünlüyü ilə başladı. Hücuma atılan “Araz-Naxçıvan” artıq 7-ci dəqiqədə hesabı aça bilərdi. Lakin David Canıyevin zərbəsi qapıdan aralı keçdi. Hücumçumuzun qol vurmaq istəyi 18-ci dəqiqədə də puça çıxdı. Bu dəfə onun qüvvətli zərbəsini qapıçı dəf etdi. İlk hissənin son dəqiqələrinə kimi ardıcıl hücumlar, nəhayət, bəhrəsini verdi. Oyunun ilk hissəsinə əlavə edilmiş birinci dəqiqəsində Elgiz Kərimli uzaqdan mükəmməl zərbə ilə hesabı açdı.
İkinci hissədə baş məşqçi Əsgər Abdullayev heyətdə dəyişiklik etdi. Qolun müəllifi E.Kərimlini əvəzləyən baş məşqçi Cavid Həsənovu meydana buraxdı. Stadiona toplaşmış fanatlar 63-cü dəqiqədə yenidən qol sevinci yaşadılar. Bu dəfə Tural Hümbətov cari mövsümdə ilk qoluna imza atdı. Görüşü böyükhesablı qələbə ilə başa vurmaq istəyən komandamız hücumlarına ara vermədi. Cari mövsümdə daha çox qol vurmaq uğrunda mübarizə aparan David Canıyev yenidən diqqətləri öz üzərinə cəlb etdi. Oyuna sonradan daxil olmuş İrfan Hüseynovun ötürməsindən sonra cərimə meydançasına daxil olan hücumçumuz uzaq küncü dəqiq nişan aldı – 3:0. Bu qol eyni zamanda onun cari mövsümdə vurduğu 20-ci qol kimi tarixə düşdü. Qolun ardınca D.Canıyev yerini Fərid Quliyevə verdi. Meydana yenicə daxil olan digər futbolçumuz isə hesab arasındakı fərqi artıra bilərdi. Ancaq onun uzaqdan zərbəsini qapıçı ideal sıçrayışla dəf etdi. Bundan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişmədi və komandamız cari mövsümdə 24-cü qələbəsini qazandı.
Qeyd edək ki, “Araz-Naxçıvan” futbol komandasının cari mövsümdə sonuncu oyunu may ayının 12-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Qonaq olacaq rəqib isə Mingəçevirin “Energetik” komandasıdır.
Ceyhun MƏMMƏDOV