Artıq üç gündür ki, Naxçıvan mötəbər bir şahmat bayramına, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Festivalın gedişində tanınmış hakim və şahmatçılarla həmsöhbət olduq:
Namiq İsmayılov – yarışın hakimi, beynəlxalq dərəcəli hakim:
– Bu gün Azərbaycan yığması dünya şahmat arenasında öz sözünü qətiyyətlə deməkdədir. İdmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanır, Azərbaycanı idman ölkəsi kimi bütün dünyada tanıdırlar. Bu festivalda dünyanın tanınmış şahmat ustaları ilə yanaşı, yığma komandanın üzvlərindən bir neçə nəfər iştirak edir. Hər bir tur çox gərgin şəraitdə keçir, qələbə uğrunda mübarizə son turlara doğru daha da çətinləşir. Azərbaycan şahmatçıları bu yarışda da öz sözünü deyəcək, yaxşı nəticələr əldə edəcəklər. Onu da deyim ki, bu festival Naxçıvanın yeniyetmə şahmatçıları üçün təcrübə qazanmaq baxımından əhəmiyyətlidir. Yerli şahmatçılar son bir ildə böyük uğurlar əldə ediblər və festivalın gedişində də yaxşı, inamlı oyunlar müşahidə edirik.
Əminəm ki, yaxın gələcəkdə şahmat üzrə Azərbaycan yığmasının tərkibində Naxçıvan şahmatçılarını da görə biləcəyik. Çünki burada şahmat idman növünün inkişafına yaradılan şərait, göstərilən dövlət qayğısı nəticəsiz qala bilməz və bu qayğının bəhrələri yaxın zamanda özünü göstərəcək. Şahmat festivalında “A” qrupunda dünyanın təcrübəli şahmatçıları mübarizə aparırlar. Digər qruplarda da istedadlı şahmatçılar az deyil. Bu baxımdan Azərbaycan, eləcə də Naxçıvan şahmatçıları üçün çətin qarşılaşmalar gözlənilir. Elə ilk qarşılaşmalardan naxçıvanlı şahmatçıların bundan əvvəlki yarışlarda böyük təcrübə qazandıqlarını gördüm. Buna görə də onlardan ancaq və ancaq yaxşı nəticələr gözləyirəm. Konkret ada gəldikdə isə, açığını deyim ki, bir az çətinlik çəkirəm. Məncə, yerli şahmatçılardan Ürfan Sevdimalıyevin qələbə uğrunda mübarizəsi daha inamlı alınır. Ancaq hakimlik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu idman növündəki yarışlarda hər an sürprizlərlə qarşılaşmaq mümkündür. Naxçıvanlı şahmatçıların uğurlu çıxış edəcəyini söyləməyə isə yetərincə əsas var.
Konstantin Şanava – qrossmeyster (Gürcüstan):
– Azərbaycanlı şahmatçılarla birlikdə müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm və həmişə onlardan alicənablıq, nəciblik görmüşəm. Bu festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, köhnə dostlarımı görmək, onlarla ünsiyyətdə olmaq imkanı əldə edəcəkdim. Azərbaycanın bir parçası olan Naxçıvanda müasir Azərbaycan haqqında xoş təəssüratlarım daha da artdı. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi böyük qonaqpərvərliklə qarşıladı. Artıq bir neçə gündür ki, yarışlarda iştirak edirəm. Görürəm ki, şahmatçılara xüsusi diqqət yetirilir. Sözsüz ki, ürəkaçan mühit, yarışlarda müşahidə olunan yaxşı təşkilatçılıq oyunuma da təsir edir. Çalışacağam, dahi rəhbərin xatirəsinə həsr olunmuş festivalın qalibi olum. Çünki bu, mənim üçün, hər şeydən əvvəl, böyük şərəfdir.
Səbuhi HÜSEYNOV