Bu, gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda keçirilən yarışın iştirakçılarının yekdil fikri idi
Mayın 4-5-də İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər (1994-1996-cı illər təvəllüdlü) arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarış keçirilib. Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Özbəkistan və Naxçıvan komandalarının iştirak etdiyi beynəlxalq yarışın iştirakçılarının bir neçəsi yarışla bağlı təəssüratlarını bizimlə bölüşdü:
Əjdər Cəfərov – Azərbaycan Güləş Federasiyasının baş katibi: “Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bu yarışın Naxçıvanda keçirilməsi artıq ənənə halını alıb. İndi turnir yalnız gənclər arasında təşkil olunur. Qarşıdakı illərdə bu yarış yuxarı yaş qrupları arasında da keçirilə bilər. Digər tərəfdən, Naxçıvan turnirə çox yaxşı hazırlaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi iştirakçıların boş vaxtlarının səmərəli keçməsi üçün müəyyən turlar təşkil edib və bu turlar sayəsində qonaq komandalar Naxçıvanı daha yaxından tanıyırlar. Bu cür təşkilatçılığa görə minnətdarlığımızı bildiririk. Naxçıvan o qədər qonaqpərvər bir yerdir ki, bizə turnirdə iştirak etmək üçün çoxlu müraciət edirlər. Buna görə ola bilsin, gələn il analoji yarışda iştirakçıların sayı çoxalsın”.
İbrahim Benetli – Türkiyə millisinin baş məşqçisi: “Komandamız bura uğur qazanmaq və yarış praktikasını artırmaq üçün gəlib. Qrup mərhələsində bəzi güləşçilərimiz etimadı doğrultmadı və turniri 6-cı pillədə başa vurduq. Bu güləşçilər hələ gəncdirlər, qarşıdakı illərdə onları daha perspektivli karyera gözləyir. “Naxçıvan kuboku”nda təşkilatçılıq yüksək səviyyədədir. Etiraf edim ki, belə gözləmirdim. Hər şey mükəmməldir. Qardaş ölkənin insanları bizim bütün görüşlərdə idmançılarımıza dəstək oldular. İnsanlar bizə isti münasibət göstərirlər. Bu yarışı təşkil edənlərə, bizi Naxçıvanda gözəl qarşılayanların hər birinə ayrılıqda minnətdarlığımızı bildiririk”.
Vadim Tasoyev – Ukrayna komandasının baş məşqçisi: “Naxçıvan kuboku” uğrunda keçirilən yarış bizim üçün maraqlı oldu. Dünya və Avropa çempionatları kimi indiyədək bir çox mötəbər yarışlarda iştirak etmişəm. Bu, mənim Naxçıvana ilk səfərimdir. Yarışın yüksək səviyyədə təşkili, naxçıvanlıların hər kəsə göstərdiyi qonaqpərvərlik hər birimizin ürəyincə oldu. Eyni zamanda asudə vaxtımızdan istifadə edib şəhərinizlə tanış olmaq imkanı da əldə etdik. Bura sakit, havası kimi özü də təmiz bir şəhərdir. Azərbaycanda idmanın sürətli inkişafı hər addımda özünü göstərir. İdman obyektlərini görmək bəs edir ki, ölkə başçınızın idmana necə dəyər verdiyini təxmin edəsən. Bəlkə də, buna görədir ki, ölkənizdə indi yaxşı idmançılar yetişir. Bunu Naxçıvanda da gördük. Qeyd edim ki, yarışa idmançılarımız yaxşı hazırlaşmışdı. Həlledici qarşılaşmaya Azərbaycan və Ukrayna güləşçilərinin qalması bunu bir daha sübut etdi”.
Koba Kakaladze – Gürcüstan komandasının baş məşqçisi: “Naxçıvanda keçirilən sərbəst güləş üzrə yarış gənc güləşçilərin təcrübə qazanması baxımından çox əhəmiyyətlidir. Məndə məlumatlar var ki, artıq Naxçıvanda bu cür idman yarışlarının keçirilməsi ənənə halını alıb. “Naxçıvan kuboku” uğrunda yarışan milli komandamız 7-ci yerlə kifayətləndi. Buna görə də gələcək oyunlara daha ciddi hazırlaşmalıyıq. Ümid edirik ki, növbəti illərdə daha yaxşı nəticələr əldə edəcəyik.
Yarışda Naxçıvan idmançıları bizdən yaxşı mübarizə apardılar. Bu da onu göstərir ki, burada idmanın inkişafı yüksək səviyyədədir.
Ceyhun MƏMMƏDOV