Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışın qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Yarışın “A” yarımqrupunda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstan, “B” yarımqrupunda isə Naxçıvan, Rusiya, Gürcüstan və Ukrayna komandaları öz qüvvələrini sınamışlar. Qrup görüşlərinin nəticələrinə görə, Azərbaycan və Ukrayna komandaları öz yarımqruplarında birinciliyə nail olmuşlar. Final görüşündə birinci yer uğrunda Azərbaycan və Ukrayna komandaları mübarizə aparmışlar. Keçirilən görüşlərin nəticəsinə görə, Azərbaycan komandası birinci, Ukrayna komandası ikinci, Rusiya komandası isə üçüncü yerin sahibi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov yarışda ikinci və üçüncü yerlərin sahiblərinə medal və diplomları təqdim etmişlər.
Sonra qalib olan Azərbaycan komandasına medal və kubok təqdim edilmiş, xatirə şəkli çəkdirilmişdir.
Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarış başa çatmışdır.
“Şərq qapısı”